TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası
Tarix
Baxış
3
22 yanvar 2025-ci il tarixində Bakıda Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib.
“İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri” mövzusunda keçirilən iclasda TÜRKPA üzv və müşahidəçi dövlətlərinin, eləcə də Özbəkistanın parlamentariləri səhiyyə ilə bağlı aktual problemlərin qanunvericiliklə həllini müzakirə etmək üçün bir araya gəlib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov iqlim dəyişmələrinin sağlamlığa mənfi təsirlərinin aradan qaldırılması və möhkəm, dayanıqlı, həmçinin uyğunlaşa bilən səhiyyə siyasətlərinin inkişafı istiqamətində TÜRKPA çərçivəsində parlamentlərarası əməkdaşlığın gücləndirilməsi zəruriliyini nəzərdən keçirmək məqsədilə qanunvericilik çərçivəsinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
İclasda Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Vedat Bilgin, Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sosial və mədəni inkişaf komitəsinin üzvü (onlayn iştirak) Güldara Nurimova, Özbəkistan Respublikası Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə məsələləri komitəsinin sədri Bahrom Abdullayev, Şimali Kipr Türk Respublikası Məclisinin İnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin sədr müavini Filiz Besim, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Şimali Kipr Türk Respublikası Məclisinin İnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin üzvü Ahmet Savaşan, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva çıxış ediblər.
Öz çıxışında Baş katib Mehmet Süreyya Er iqlim dəyişmələrinin əhalinin sağlamlığına artan təsiri səbəbindən dünyanın qlobal problemlə üzləşdiyini qeyd edib. O, bu problemlərin həlli istiqamətində kollektiv fəaliyyətin zəruriliyini vurğulayaraq regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
O, həmçinin yaşıl texnologiyaların inkişafı və ətraf mühitin mühafizəsi standartlarına dair ictimaiyyətin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Baş katib TÜRKPA üzv parlamentlərinin iqlim dəyişmələri və səhiyyə məsələlərinə dair əməkdaşlığının bu sahədə qlobal səylərə töhfə verəcəyini qeyd edib.
Müzakirələr iqlim dəyişmələrinin səbəb olduğu sağlamlıq risklərinin azaldılmasına, hüquqi çərçivələrin gücləndirilməsinə və TÜRKPA üzv dövlətlərində dayanıqlı səhiyyə siyasətinin təşviq edilməsinə yönəlib.
Proqram çərçivəsində nümayəndə heyətləri Fəxri xiyabanı ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanını və “Türk Şəhidliyi” abidəsini ziyarət edərək gül dəstələri düzüblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026