TÜRKPA TÜRKSOY Daimi Şurasının 41-ci iclasında iştirak edib
Tarix
Baxış
3
2024-cü il noyabrın 16-da TÜRKPA-nın Baş katibinin müavini Sakı Sadıkov Aşqabad şəhərində Türkmənistan Mədəniyyət Nazirliyinin ev sahibliyində keçirilən TÜRKSOY Daimi Şurasının 41-ci iclasında iştirak edib.
İclasa Türkmənistanın mədəniyyət naziri, TÜRKSOY dövr koordinatoru Atageldi Şamuradov, Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdikalikova, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyinin Mədəniyyət komitəsinin sədri Kumıs Seitova, TÜRKSOY-un Baş katibi Sultan Raev və digər rəsmilər qatılıblar.
Tədbir zamanı iştirakçılar türk dövlətləri arasında mədəni əməkdaşlığı təşviq edəcək layihələrə dair fikir mübadiləsi aparıblar. Gündəliyə Aktau şəhərinin 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin qeyd olunması üçün tədbirlərin planlaşdırılması, türk dünyasının ortaq mədəni irsinin təşviq edilməsi və dayanıqlı əməkdaşlıq prosesləri ilə bağlı məsələlər daxil edilib.
TÜRKSOY-un Baş katibi Sultan Raev çıxışında türk dünyasının dəstəyi sayəsində TÜRKSOY-un öz fəaliyyətlərini uğurla həyata keçirdiyini bildirib. O, ortaq mədəniyyətin üzləşdiyi qlobal təhdidlərə toxunaraq, türk dövlətlərinin birgə səylərinin əhəmiyyətini qeyd edib. Həmçinin ortaq mədəniyyəti türk xalqları arasında həmrəyliyi və əməkdaşlığı gücləndirən vacib resurs kimi qeyd edən TÜRKSOY-un Baş katibi birgə səylər sayəsində TÜRKSOY-un öz fəaliyyətlərini şaxələndirməyə və hədəflərinə nail olmağa davam edəcəyini ifadə edib.
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə TÜRKSOY Daimi Şurası 2026-cı ili məşhur mütəfəkkir və yazıçı Ziya Gökalpın 150-ci ildönümü münasibətilə “Ziya Gökalp ili” elan edib.
Eyni gündə 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”nın (Türkmənistanın Anau şəhəri 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” olub) bağlanış mərasimi Türkmənistanın Ahal əyalətinin Ak Buğday şəhərində "Türkmen Ak Öýi" (Türkmən Ağ Evi) binasında keçirilib.
Tədbirdə çıxış edən Baş katibin müavini Sakı Sadıkov Anau şəhərinin qədim tarixinə toxunub və türk xalqlarının tarixi irsini tərənnüm edən tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. Türk ölkələri arasında mədəni və humanitar əlaqələrin uğurla inkişafından və beynəlxalq səviyyədə türk mədəniyyətinin təşviqindən məmnunluq ifadə edən Sakı Sadıkov türk dünyasında mədəni əməkdaşlığın gələcək dinamik inkişafından əminliyini bildirib.
Proqrama konsertlər, türk xalqlarının rəqs qruplarının perfomansları, rəsm, heykəltəraşlıq və fotoqrafiya sərgiləri, o cümlədən TÜRKSOY üzv dövlətlərinin muzey direktorlarının iştirakı ilə xüsusi iclaslar daxil olub.
Mərasim zamanı “Türk dünyasının mədəniyyət paytaxtı”nın simvolu və 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Aktauda keçiriləcək “Qorqud Ata” Türk Dünyası Film Festivalının simvolu olan durna quşu Aktau şəhərini təmsil edən nümayəndə heyətinə təqdim edilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026