TÜRKPA Türk Hüquq Tarixi üzrə Beynəlxalq Qurultayda iştirak edib
Tarix
Baxış
3
6-8 dekabr 2023-cü il tarixlərində Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman və Katibliyin hüquq məsələləri üzrə mütəxəssisi Azər Məmmədov Ankarada Prezident Kitabxanasında təşkil edilmiş Türk Hüquq Tarixi üzrə Beynəlxalq Qurultayda iştirak ediblər. Qurultay Türkiyə Ədliyyə Akademiyası tərəfindən Türk Tarix Qurumu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Türk Dövlətləri Təşkilatının birgə təşkilatçılığı keçirilib.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Respublikasının akademik dairələrin nümayəndələri, xüsusilə hüquqşünas və tarixçilər, dövlət xadimləri və türk əməkdaşlıq təşkilatlarının nümayəndələri də iştirak ediblər. Açılış mərasimində Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç, Türkiyə Ədliyyə Akademiyasının prezidenti Muhittin Özdemir, Türk Tarix Qurumunun prezidenti Prof. Dr. Yüksel Özgen, Atatürk adına Mədəniyyət, Dil və Tarix Ali Şurasının sədri səfir Prof. Dr. Derya Örs və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Sədi Cəfərov çıxış ediblər.
Qurultayda Türkiyə Böyük Millət Məclisinin 29-cu sədri, TÜRKPA-nın keçmiş fəaliyyətdə olan sədri Mustafa Şentop əsas məruzəçi qismində çıxış edib. Hüquq anlayışı və mahiyyətindən danışan cənab Şentop, türk hüquq tarixinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. O, türk dünyasında hüquq sahəsində əməkdaşlığa və bu kontekstdə TÜRKPA çərçivəsində fəaliyyətə, xüsusilə də model qanunvericiliyin hazırlanması məsələsinə toxunub. Cənab Şentop dünyada baş verən siyasi proseslər fonunda beynəlxalq hüququn aşınması məsələlərini qeyd edib. O, eyni zamanda türk dünyasında ortaq əlifbanın əhəmiyyətini və onun mədəni dəyərlərin ötürülməsi sahəsində rolunu vurğulayaraq, bu çərçivədə davam edən səyləri qeyd edib.
Qurultay türk dövlətləri və millətləri arasında ortaq hüquq anlayışının inkişaf etdirilməsi, müasir hüquq nəzəriyyəsi və təcrübələri üçün dəyərli mənbənin təmin edilməsi və bu kontekstdə maarifləndirmənin aparılmasına yönəlib. İştirakçıların türk dövlətlərinin özünəməxsus hüquq sistemləri və adət-ənənələri haqqında məlumat mübadiləsi apardığı proqram “Türk hüquq tarixini formalaşdıran dövlət xadimləri”, “Türk hüquq tarixini formalaşdıran qurumlar”, “Türk hüquq tarixini formalaşdıran hüquqşünaslar”, “Türk hüquq tarixini formalaşdıran hüquq mətnləri” və “Türk hüquq tarixini formalaşdıran hadisələr” mövzusunda beş sessiyadan ibarət olub .
Tədbir yekun və qiymətləndirmə sessiyası ilə başa çatıb.
Qurultay çərçivəsində TÜRKPA-nın nümayəndələri Türkiyə Ədliyyə Akademiyasının prezidenti Muhittin Özdemir ilə görüşüb. Görüş zamanı iki qurum arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026