TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Terrorizmlə Mübarizə üzrə Parlament Assambleyalarının Koordinasiya Mexanizminin 6-cı iclasında və 4-cü Parlament Siyasəti Dialoqunda iştirak edib

TÜRKPA Terrorizmlə Mübarizə üzrə Parlament Assambleyalarının Koordinasiya Mexanizminin 6-cı iclasında və 4-cü Parlament Siyasəti Dialoqunda iştirak edib

Tarix
Baxış
3
5-6 dekabr 2024-cü il tarixlərində Baş katibin müavini Sakı Sadıkov və Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (ATƏT PA) ilə əməkdaşlıq çərçivəsində, həmçinin Qətər Dövlətinin Şura Məclisinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Terrorizmə qarşı Mübarizə İdarəsi (BMTTMİ) və BMTTMİ-nin Kibertəhlükəsizlik və Yeni Texnologiyalar Bölməsi tərəfindən İtaliyanın Roma şəhərində təşkil etdiyi Terrorizmlə Mübarizə üzrə Parlament Assambleyalarının Koordinasiya Mexanizminin 6-cı iclasında və 4-cü Parlament Siyasəti Dialoqunda iştirak ediblər. Tədbir İtaliya Parlamentinin ev sahibliyində keçirilib. Tədbir 12 parlament assambleyasının nümayəndələrini və BMT-nin qurumlarını bir araya gətirib. İtaliya Parlamentinin Deputatlar Palatasının Müdafiə komitəsinin üzvü və İtaliyanin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eucenio Zoffili, İtaliya Parlamentinin Deputatlar Palatasının Nəqliyyat, poçt və telekommunikasiya komitəsinin sədri Salvator Deidda, İtaliya Parlamentinin Deputatlar Palatasının komissarı Paolo Transkassini, Türkiyə Böyük Millət Məclisinin üzvü və ATƏT PA-nın Terrorizmlə Mübarizə üzrə xüsusi komitəsinin sədri Kamil Aydın, Qətər Dövlətinin Şura Məclisinin üzvü Əhməd bin İbrahim Əl-Malki və BMTTMİ-nin Parlament Əməkdaşlığı üzrə Proqram Ofisinin rəhbəri Devid Alamos açılış nitqi söyləyiblər. İki gün davam edən tədbirdə iştirakçılar yeni texnologiyaların, xüsusən də süni intellektin (Sİ) yaratdığı problemlərə, həmçinin terrorçu və ekstremist qruplar tərəfindən sui-istifadə potensialına dair müzakirələr aparıblar. 4-cü Parlament Siyasəti Dialoqunun əsas mövzusu “Terror məqsədləri üçün süni intellekt və yeni texnologiyaların istifadəsinə qarşı mübarizə” olub. Dialoq bütün dünya üzrə parlamentarilər və ekspertlər üçün qanunvericilik çərçivələri və beynəlxalq əməkdaşlıq vasitəsilə bu problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparmaq üçün platforma təklif edib. Dialoq qanunvericilik sahəsində tədbirləri və siyasətə dair tövsiyələri nəzərə almaqla, terrorçu və ekstremist qruplar tərəfindən süni intellektdən və yeni texnologiyalardan sui-istifadə hallarının müzakirəsinə yönəlib. İştirakçılar süni intellekt və digər texnologiyalarla bağlı risklərin qarşısının alınması və aradan qaldırılması üsullarını araşdırıblar. Onlar beynəlxalq əməkdaşlığın, ictimai təhsilin və möhkəm qanunvericilik çərçivələrinin əhəmiyyətini vurğulayıblar. Tədbirin sonunda Aralıq dənizi Parlament Assambleyası (APA) yekdilliklə Koordinasiya Mexanizminin sədri seçilib. 2021-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının Terrorizmə qarşı Mübarizə İdarəsinin (BMTTMİ) Terrorizmin Qarşısının Alınması və Terrorizmlə Mübarizədə Parlament Əməkdaşlığı üzrə Proqram Ofisi və tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində Terrorizmlə Mübarizə üzrə Parlament Assambleyalarının Koordinasiya Mexanizmi işə başlayıb. Mexanizmin məqsədi parlament assambleyaları, eləcə də bu assambleyalar, Birləşmiş Millətlər Təşkilatı və digər parlament orqanları arasında əməkdaşlığın genişləndirilməsini asanlaşdırmaqdır.