TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA TDT-nin Xarici İşlər Nazirləri Şurasının 12-ci iclasına qatılıb

TÜRKPA TDT-nin Xarici İşlər Nazirləri Şurasının 12-ci iclasına qatılıb

Tarix
Baxış
4
Baş katib Mehmet Süreyya Er 2025-ci il oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Qəbələ şəhərində baş tutmuş TDT-nin Xarici İşlər Nazirləri Şurasının 12-ci iclasında iştirak edib. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ev sahibliyində keçirilmiş iclasda Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev, Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev, Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu, TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, TDT-nin Ağsaqqallar Şurasının sədri və üzvləri, o cümlədən türk əməkdaşlıq təşkilatlarının rəhbərləri – TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev və Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev iştirak ediblər. Xarici İşlər Nazirləri Şurası TDT-nin 12-ci Zirvə görüşündə Dövlət Başçıları Şurası tərəfindən imzalanmağa təqdim ediləcək sənəd layihələrini yekunlaşdırıb və təşkilatın gündəliyindəki əsas məsələləri müzakirə ediblər. Baş katib Mehmet Süreyya Er iclasda çıxış edib. O, öz çıxışında türk dövlətləri arasında qət edilən məsafəyə, türk dünyasında sürətlə inkişaf edən əməkdaşlığa, dövlət başçılarının güclü iradəsi ilə möhkəmlənən birlik və həmrəyliyə toxunaraq, həqiqətən sevindirici və qürurverici olduğunu bildirib. O, öz səlahiyyət müddəti zamanındakı əsas təşəbbüsləri və nailiyyətləri vurğulayaraq, TÜRKPA-nın fəaliyyətlərinin icmalını təqdim edib. Həmçinin son nailiyyətlərə istinad edərək Baş katib qeyd edib: “İlk olaraq, parlament diplomatiyası sahəsindəki fəaliyyətlərimizdən əvvəl “qalıcı fəaliyyətlər” olaraq adlandırılmağa layiq olan TÜRKPA-nın rəqəmsal transformasiya layihələrini qeyd etmək istərdim. TÜRKPA 2023-cü ildə cari ehtiyaclara uyğun olaraq öz veb saytının yenilənməsi ilə başlayan rəqəmsal transformasiya təşəbbüsünün son addımları kimi “Qanun” və “Qamus” layihələrinin həyata keçirilməsinin sevincini yaşayır. Türk dövlətlərinin qanunlarını vahid platformada tədqiq etmək imkanı təqdim edən “Qanun” layihəsi türk dillərinin söz ehtiyatını müqayisəli şəkildə təqdim edən “Qamus” layihəsi ilə birlikdə başda parlament diplomatiyası olmaqla, müxtəlif fəaliyyətlərdə uzun illər türk dünyasına xidmət edəcəkdir. Bu layihələr “dildə, fikirdə, işdə birlik” şüarının müasir tələbləri kimi görülməlidir”. Həmçinin Baş katib son 4 ildə TÜRKPA-nın Baş katibi kimi xidmət etməkdən, qardaş dövlətlər və xalqlar arasında bu səmimi əməkdaşlığın bir parçası olmaqdan qürur duyduğunu ifadə edib. O, TÜRKPA-nın Baş katibi seçilmiş qardaş Azərbaycanın nümayəndəsi Ramil Həsənə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Komissiya katibləri Aynurə Abutalıbova və Kadir Yaman Baş katib Mehmet Süreyya Eri müşayiət ediblər.