TÜRKPA Şuşada keçirilən tədbirlərdə iştirak edib
Tarix
Baxış
3
13-14 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçirilib.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, həmçinin TÜRKSOY-un üzv ölkələrinin elm, incəsənət, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Baş katib Mehmet Süreyya Er bu cür mədəni tədbirlərin nadir və təkrarolunmaz mədəniyyətin yaradıcıları olan türk xalqlarının zəngin irsinin inkişafına və təbliğinə, eləcə də onların yaxınlaşdırılmasına töhfə verdiyini qeyd edib. O, dünyada mədəni diplomatiya və mədəniyyətlərarası dialoqun artan əhəmiyyəti fonunda türk dünyasının tanınmasının artırılmasının zəruriliyini vurğulayıb.
Forum “Türk dilləri və ədəbiyyatları: Diferensiasiya və inteqrasiya”, Mədəni və tarixi irsin qorunması və bərpasında ən yaxşı təcrübələr, Yaradıcı sənayelər və innovasiyalar” adlı üç panel iclasları ilə öz işini davam etdirib.
Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallardan ibarət sərgi ilə tanış olublar. Qonaqlar Saatlı şəhər məscidi və Şuşa yaradıcılıq mərkəzində də olublar.
13 oktyabr 2023-cü il tarixində Baş katib TÜRKSOY-un Daimi Şurasının
40-cı iclasında da iştirak edib.
Tədbirdə TÜRKSOY-un fəaliyyətdə olan koordinatoru, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət komitəsinin sədri Kumıs Seyitova, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev, Özbəkistan Respublikasının mədəniyyət nazirinin birinci müavini Bahodır Ahmedov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Dr. Serdar Çam, Türkmənistanın Mədəniyyət Nazirliyinin Xarici Əlaqələr İdarəsinin rəisi Bilbil Babayeva, ŞKTR-nin Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, Qaqauziyanın (Moldova) Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Marina Semenova, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türk Akademiyasının prezidenti Şahin Mustafayev çıxış ediblər.
14 oktyabr 2023-cü il tarixində Baş katib Türk Akademiyasının I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində “Türk dünyasında tarixi və mədəni irsin mühafizəsi, abidələrin qorunması, bərpa və konservasiya işləri sahəsində beynəlxalq əməkdaşlıq” mövzusunda təşkil etdiyi dəyirmi masada çıxış edib.
Dəyirmi masada türk dövlətlərinin mədəni irslə əlaqədar qurumlarının rəhbərləri iştirak ediblər. Tədbir türk dünyasının ortaq mədəni irsinin təbliği və qorunması istiqamətində təcrübə, fikir mübadiləsi və yanaşmaların inkişafı üçün platforma rolunu oynayıb. İştirakçılar öz ölkələrinin mədəni və tarixi irsinin bərpası və qorunması sahəsində təcrübələri ilə bağlı məlumat veriblər. Onlar maddi və qeyri-maddi türk mədəni irsinin qorunması və təbliği, o cümlədən mədəni irsin rəqəmsallaşdırılması və mühafizəsi sahəsində səyləri birləşdirməyə və əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Türk Akademiyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Türk Akademiyası tərəfindən hazırlanmış türk dünyasında mədəni marşrutlar proqramının təsis edilməsinə dair birgə konsept təqdim ediblər. Proqramın məqsədləri mədəni irsin qorunması, mədəni mübadilə və əməkdaşlıq, habelə turizm vasitəsilə iqtisadi inkişafdan ibarətdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026