TÜRKPA SMM Azərbaycan xarici işlər nazirinin müavini ilə görüşüb
Tarix
Baxış
3
30 avqust 2024-cü il tarixində TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb.
Missiyanı salamlayan nazir müavini Azərbaycanın TÜRKPA-nın fəaliyyətinə böyük əhəmiyyət verdiyini qeyd edib. TÜRKPA-nın parlamentlərarası əməkdaşlığın inkişafındakı roluna toxunan cənab Şərifov, Assambleya çərçivəsində əməkdaşlıq mexanizmlərinin öz səmərəliliyini sübut etdiyini diqqətə çatdırıb. O, Azərbaycanın təşkilatın fəaliyyətini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.
Azərbaycanda növbədənkənar parlament seçkilərinin əhəmiyyətindən bəhs edən nazir müavini işğaldan azad edilmiş torpaqlarda ilk dəfə olaraq parlament seçkilərinin keçiriləcəyini, vətəndaşların öz doğma torpaqlarında seçki hüquqlarından istifadə edə biləcəyini xüsusi qeyd edib. Cənab Şərifov TÜRKPA-nın seçkilərin müşahidəsində kifayət qədər təcrübəsi olduğunu qeyd edərək, Missiyanın növbədənkənar parlament seçkilərinin müşahidə prosesinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Missiya işğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradıldığını qeyd edərək, bu ərazilərdə də keçiriləcək növbədənkənar parlament seçkilərinin əhəmiyyətini vurğulayıb. Missiya seçkiləri müşahidə etmək məqsədilə yaradılmış şəraitə görə minnətdarlığını bildirib və seçkilərin keçirilməsində müvəffəqiyyətlər arzulayıb.
TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstan və Türkiyə parlamentariləri – Mukaş İskandirov (Qazaxıstan), Ahmet Zenbilci, Emre Çalışkan, Mahmut Rıdvan Nazırlı, Kadim Durmaz və Filiz Kılıç (Türkiyə), TÜRKPA Baş katibi Mehmet Süreyya Er, parlamentlərin əməkdaşları və TÜRKPA Katibliyinin digər nümayəndələrindən ibarət olub. Missiyaya Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zenbilci rəhbərlik edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026