TÜRKPA Seçki Müşahidə Missiyası Özbəkistanda növbədənkənar prezident seçkilərini müşahidə edib
Tarix
Baxış
4
Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) dəvəti ilə Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpekin rəhbərlik etdiyi üzv dövlətlərin parlamentariləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası 9 iyul 2023-cü il tarixində Özbəkistan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmişdir.
Missiya 7 iyul 2023-cü il tarixində Özbəkistanda fəaliyyətə başlamışdır. Müşahidə proqramı çərçivəsində TÜRKPA müşahidəçiləri MSK-nın sədri Zayniddin Nizamxocayev ilə görüşmüşdür.
Missiya seçki günü Daşkənd şəhərində səsvermə məntəqələrini ziyarət etmişdir. Missiya üzvləri səsvermə məntəqələrinin açılışından səslərin sayılmasınadək səsvermə prosesini bütün mərhələlərdə müşahidə etmişdir. TÜRKPA müşahidəçiləri yerində səsverməni izləmiş, seçicilər, yerli müşahidəçilər və seçki məntəqələrinin rəsmiləri ilə söhbət aparmışdır.
İyulun 10-da Missiya apardığı müşahidənin ilkin nəticələrinə dair mətbuat konfransı keçirmişdir.
Missiya seçki gününün dinc mühitdə keçirildiyini qeyd etmiş və müşahidə apardığı seçki məntəqələrində ümumi səsvermə prosesini müsbət qiymətləndirmişdir. Missiya əlilliyi olan seçicilərin seçki hüquqlarının təmin edilməsi məqsədilə seçki idarəetmə orqanları tərəfindən görülmüş tədbirləri yüksək qiymətləndirmişdir. Missiya MSK-nın aşağı səviyyəli komissiyalara təlimlərin keçirilməsi və seçki prosesinə dair ictimai maarifləndirmənin artırılması ilə bağlı işini təqdir etmişdir.
MSK-nın məlumatına əsasən, növbədənkənar prezident seçkiləri üçün 797 beynəlxalq müşahidəçi akkreditasiyadan keçirilmişdir. Bu çərçivədə Missiya Özbəkistanda seçkilərin beynəlxalq müşahidəsi üçün yaradılmış hüquqi və logistik şəraiti yüksək qiymətləndirmişdir.
Missiya Özbəkistanda 9 iyul 2023-cü il tarixli növbədənkənar prezident seçkilərinin Özbəkistan Respublikasının milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi nəticəsinə gəlmişdir.
Səfərə həmçinin Daşkənd və Səmərqənd şəhərlərində mədəni proqram daxil olmuşdur.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026