TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Qazaxıstan Respublikası Konstitusiyasının 30-cu ildönümünə həsr olunmuş konfransda iştirak edib

TÜRKPA Qazaxıstan Respublikası Konstitusiyasının 30-cu ildönümünə həsr olunmuş konfransda iştirak edib

Tarix
Baxış
4
28-29 avqust 2025-ci il tarixlərində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Astana şəhərində Qazaxıstan Respublikası Konstitusiyasının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfrans “Konstitusiya və dövlətçilik: hüquq və gələcəyin dialoqu” mövzusunda keçirilib. Tədbir Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsinin Qazaxıstan Respublikasının Prezident Mərkəzi, Qazaxıstan Respublikası Parlamenti Məclisi, Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyi, “Parlamentarizm İnstitutu” dövlət müəssisəsi, Qazaxıstan Xalqının Assambleyası, Qazaxıstan Respublikasının Qanunvericilik və Hüquqi İnformasiya İnstitutu, Maqsut Narikbayev Universiteti, L.N.Qumilyov adına Avrasiya Milli Universiteti və Astana Beynəlxalq Universiteti ilə birgə təşkil olunub. Konfransa Qazaxıstan və digər dövlətlərin konstitusiya məhkəmələrinin hakimləri və hüquqşünas alimlər, parlamentarilər, dövlət qurumlarının, beynəlxalq təşkilatların və hüquq ictimaiyyətinin nümayəndələri də daxil olmaqla 500-dən çox iştirakçı qatılıb. Müstəqillik Sarayında Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə tədbirin təntənəli hissəsi və konfransın plenar iclası baş tutub. Prezident Kasım-Jomart Tokayev çıxışı zamanı Qazaxıstan Respublikası Konstitusiyasının 30-cu ildönümü münasibətilə öz təbriklərini çatdırıb. 30 il əvvəl ümumxalq referendumu ilə Konstitusiyanın qəbul edilməsini tarixi məqam kimi qeyd edən dövlət başçısı Konstitusiyanın müstəqilliyin sarsılmaz bünövrəsi, dövlətçiliyin möhkəmləndirilməsi üçün etibarlı bələdçi olduğunu vurğulayıb. O, qanunun aliliyinin ədalətli cəmiyyətə və vətəndaşların firavan həyatına aparan yol olduğunu, Konstitusiyanın bundan sonra da Qazaxıstan xalqı üçün parlaq gələcəyə yol açan ən mühüm sənəd kimi xidmət edəcəyini qeyd edib. Təntənəli hissədə Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova, BMT-nin Qazaxıstandakı rezident əlaqələndiricisi Saranqo Radnaaraqçaa, Qazaxıstan Respublikası Hüquq Məsləhətçiləri Şurasının sədri Serik Akılbay, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Qanunvericilik və məhkəmə-hüquq islahatları komitəsinin sədri Snejanna İmaşeva və BMT-nin İnsan hüquqları komitəsinin üzvü, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Demokratik təsisatlar və vətəndaş cəmiyyətinin inkişafı komitəsinin üzvü, Özbəkistan Respublikasının İnsan Hüquqları Milli Mərkəzinin direktoru Akmal Saidov da çıxış ediblər. Öz çıxışında Baş katib Mehmet Süreyya Er Qazaxıstan Respublikası Konstitusiyasının 30-cu ildönümünün yalnız Qazaxıstan xalqı üçün önəmli mərhələ deyil, həmçinin qardaş xalqın nailiyyətlərinin sevincini bölüşən türk dünyasının qürur anı olduğunu ifadə edib. O, Konstitusiyanı tariximizin güzgüsü, irəliyə səfərimiz üçün bələdçi kimi qeyd edib. Baş katib sürətli dəyişikliklər dövründə dəyişikliklərə uyğunlaşarkən konstitusional dəyərlərin qorunmasının, konstitusional prinsiplərin əsl ruhunu itirmədən aktuallığının qorumasının, konstitusiyanın yeni reallıqlara uyğunlaşmağa qadir sənəd olaraq qalmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. TÜRKPA-nın roluna toxunan Baş katib, parlamentlərarası əməkdaşlığı daha da dərinləşdirməklə konstitusional prinsiplərin səmərəli həyata keçirilməsinə, türk dünyasında demokratiya və dövlətçiliyin daha da möhkəmləndirilməsinə töhfə verə biləcəyini qeyd edib. Sonda Baş katib Qazaxıstan xalqına tarixi yubiley münasibətilə səmimi təbriklərini çatdırıb, qardaş ölkəyə sülh və firavanlıq arzulayıb. Plenar iclasda həmçinin “Kazpoçt” ASC tərəfindən xatirə poçt markasının möhürlənmə və Milli Bank tərəfindən Konstitusiyanın 30 illiyinə həsr olunmuş xatirə sikkələrinin təqdim edilməsi mərasimi keçirilib. Konfrans “Bərabərliyin konstitusiya təminatı, müdafiə hüququ və ədalət mühakiməsinə çıxış”, “Konstitusiya sabitliyi və müdafiə: qanunun aliliyi gələcəyin əsası kimi”, “Qanun yaradıcılığı və konstitusiyanın qanunauyğunluğu: hüquq gələcəyin naviqatoru kimi” və “Konstitusiya kimliyi: millətin birliyi, harmoniyası və sabitliyi” mövzularında keçirilən dörd sessiyadan ibarət olub. Konfrans çərçivəsində Baş katib Mehmet Süreyya Er Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova və Konstitusiya Məhkəməsinin digər hakimləri, Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayev və digər nüfuzlu şəxslərlə görüşüb. Proqramın mədəni hissəsində iştirakçılar Qazaxıstan Respublikası Prezident Mərkəzinin muzeyinə baş çəkib, Astana Baletində “Sultan Beybars” baletinə tamaşa ediblər. Tədbir zamanı Baş katib Mehmet Süreyya Eri TÜRKPA Katibliyinin əməkdaşları Azər Məmmədov və Furkan Bilal Akyüz müşayiət ediblər.