TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Pİ-nin 150-ci Assambleyasında iştirak edib

TÜRKPA Pİ-nin 150-ci Assambleyasında iştirak edib

Tarix
Baxış
3
5-9 aprel 2025-ci il tarixlərində TÜRKPA nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərində keçirilən Parlamentlərarası İttifaqın (Pİ) 150-ci Assambleyasında iştirak edib. Özbəkistan parlamentinin ev sahibliyi etdiyi Assambleya “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyəti” mövzusunda qlobal çağırışları müzakirə etmək məqsədilə 130-a yaxın ölkədən təxminən 740 parlamentari də daxil olmaqla 1400-ə yaxın nümayəndəni bir araya gətirib. Pİ-nin 150-ci Assambleyası Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın, Pİ-nin prezidenti Tuliya Eksonun və Pİ-nin Baş katibi Martin Çunqonqun Assambleyanın gündəliyinə daxil edilmiş məsələlərin aktuallığı ilə bağlı fikirlərini bölüşdüyü açılış mərasimi ilə öz işinə başlayıb. Parlamentin sədri Tənzilə Narbayeva Pİ-nin Assambleyasının Özbəkistanda ilk dəfə keçirilməsinin əhəmiyyətini vurğulayaraq, bunu xalqın demokratik islahatlara sadiqliyinə və qlobal parlament dialoqunda fəal iştirakına sübut kimi qeyd edib. 7 Aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Pİ-nin 150-ci Assambleyasında nitqlə çıxış edərək, qlobal sülhün, ədalətin və sosial tərəqqinin qorunmasında parlamentlərin mühüm rolunu vurğulayıb. Assambleyanın əsas mövzusuna istinad edərək, o, yoxsulluq, bərabərsizlik, iqlim dəyişmələri və regional münaqişələr kimi aktual qlobal problemləri qeyd edib. Bu kontekstdə Prezident bir sıra strateji təşəbbüslər, o cümlədən gənc parlamentlər üçün qlobal platformanın yaradılması, qadınların iştirakının artırılması yolu ilə kişi və qadınlar üçün bərabər imkanların artırılması, süni intellekt etikası üzrə beynəlxalq hüquqi çərçivənin inkişafı və davamlı inkişafı təşviq etmək üçün parlamentlərarası əməkdaşlığın gücləndirilməsi kimi təşəbbüslər irəli sürüb. Assambleya zamanı iştirakçılar bütün tənzimləyici orqanlar, o cümlədən İdarəetmə şurası, daimi komitələr, Parlamentarilərin insan hüquqları komitəsi, Qadın Parlamentarilər Forumu və Gənc Parlamentarilər Forumun bütün sessiyalarında fəal iştirak ediblər. Bu iclaslar münaqişələrin həlli, iqlim dəyişmələri, kişi və qadınlar üçün bərabər imkanlar və süni intellektin etik idarəçiliyi kimi qlobal problemlər üzrə geniş müzakirələr üçün şərait yaradıb. Assambleya üzv parlamentlərə ən yaxşı təcrübələri paylaşmaq və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün birgə səyləri gücləndirmək istiqamətində platforma təqdim edib. Assambleya üzv parlamentlərin bütün dünyada sosial inkişafı, ədaləti və inklüziv idarəçiliyi təşviq etmək öhdəliyini bir daha təsdiq edən Daşkənd Bəyannaməsinin qəbulu ilə yekunlaşıb. TÜRKPA nümayəndə heyəti Katibliyin əməkdaşları – Qadın Parlamentarilər Qrupunun icraçı katibi Şahidə Mehdiyeva və Gənc Parlamentarilər Qrupunun icraçı katibi Serhat Uysaldan ibarət olub.