TÜRKPA Parlament Assambleyalarının Terrorla Mübarizə üzrə 5-ci Koordinasiya İclasında və 3-cü Siyasət Dialoqunda iştirak edib
Tarix
Baxış
3
8-9 may 2024-cü il tarixlərində Baş katibin müavini vəzifəsini icra edən Sakı Sadıkov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (ATƏT PA) ilə əməkdaşlıq çərçivəsində və Qətər Dövlətinin Şura Məclisinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi (TMİ) tərəfindən İstanbulda keçirilən Parlament Assambleyalarının Terrorla Mübarizə üzrə 5-ci Koordinasiya İclasında və 3-cü Siyasət Dialoqunda iştirak edib.
İki gün davam edən çoxsesiyalı tədbirdə dünyanın müxtəlif ölkələrindən parlamentarilər, parlamentlərarası təşkilatların nümayəndələri və nüfuzlu ekspertlər iştirak ediblər.
Tədbirə TMİ-nin Parlament əməkdaşlığı üzrə proqram ofisinin rəhbəri David Alamos moderatorluq edib. Qətər Dövlətinin Şura Məclisinin üzvü Dr. Əli bin Fetayis Almarri və ATƏT PA-nın vitse-prezidenti, Terrorla mübarizə və parlament assambleyalarını koordinasiya mexanizmi üzrə xüsusi komitəsinin sədri Reyinhold Lopatka da salamlama nitqi ilə çıxış ediblər.
Terrorla mübarizə və zorakı ekstremizmin qarşısının alınması üzrə parlament assambleyaları arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyan tədbirdə məlumat mübadiləsinin, fəaliyyətlərin koordinasiyasının, tərəfdaşlığın və bu mübarizədə qətiyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb. İştirakçılar terrorla mübarizədə və zorakı ekstremizmin qarşısının alınmasında insan hüquqlarının təmin edilməsi və qorunmasının vacibliyini vurğulayaraq əsas regional təhlükəsizlik tendensiyalarına və terrorla bağlı məsələlərə dair müzakirələr aparıblar. Müzakirələr zamanı həmçinin zorakı ekstremizmlə mübarizə təcrübəsinin qiymətləndirilməsi və terrorla mübarizədə beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılması da diqqət mərkəzində olub.
Tədbir zamanı TMİ həmçinin “BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə dair 1373 saylı Qətnaməsi” (2001) üzrə yeni parlament kitabçasını təqdim edib. Bu kitabça terror və zorakı ekstremizmin bütün formalarına qarşı mübarizə üçün qanunvericilik və milli strategiyaların təklif edilməsi, müzakirəsi, dəyişdirilməsi və qəbul edilməsində parlamentarilər üçün istinad vasitəsi kimi xidmət edir. Tədbir çərçivəsində TÜRKPA nümayəndə heyəti Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Terrorla mübarizə üzrə xüsusi komitənin sədr müavini, professor Kamil Aydın ilə görüşüb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026