TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Özbəkistanda parlament seçkilərini müşahidə edib

TÜRKPA Özbəkistanda parlament seçkilərini müşahidə edib

Tarix
Baxış
3
27 oktyabr 2024-cü il tarixində TÜRKPA Seçki Müşahidə Missiyası (SMM) Özbəkistan Respublikasında keçirilmiş parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib. Özbəkistanda parlament seçkiləri 2023-cü ildə Konstitusiyanın yeni redaksiyasının qəbul edilməsi və seçki qanunvericiliyinə dəyişikliklərdən sonra baş tutub. İlk dəfə olaraq, Qanunvericilik Palatasına seçkilər proporsional təmsilçilik və majoritar sistemləri birləşdirən qarışıq seçki sistemi əsasında keçirilib. TÜRKPA Missiyası 25 oktyabr 2024-cü il tarixində Özbəkistanda işinə başlayıb. Müşahidə proqramı çərçivəsində Missiya Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Özbəkistan Respublikası MSK-nın sədri Zayniddin Nizamxodjayev ilə görüşlər keçirib. Görüşlər zamanı Missiyaya parlament seçkilərinə hazırlıqlar və seçkilərin əsas xüsusiyyətlərinə dair məlumat verilib. Missiya seçkilərdə iştirak edən siyasi partiyaların rəhbərləri ilə də görüşüb və onların seçkiqabağı mühitlə bağlı fikirləri və parlament seçkilərindən gözləntiləri barədə məlumatlandırılıb. Səsvermə günü Missiya Daşkənd və Buxara şəhərlərində seçki məntəqələrini ziyarət etmiş və seçki məntəqələrinin açılışından səslərin sayılmasınadək səsvermə prosesini müşahidə edib. TÜRKPA Missiyası oktyabrın 28-də müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib. Missiya məlumatına görə, seçki günü dinc mühitdə keçib və yaxşı idarə edilib. Müşahidə olunan məntəqələrdə ümumi səsvermə prosesi müsbət qiymətləndirilib. Missiya seçki qanunvericiliyinə mühüm dəyişiklikləri vurğulayıb və namizədlərin qeydiyyatı zamanı qadınlar üçün kvotanın artırılmasının qadınların seçki prosesində və ölkənin siyasi həyatında geniş iştirakına töhfə verdiyini qeyd edib. Missiya MSK-nın aşağı seçki komissiyalarına təlimlərin keçirilməsi, seçki prosesinə dair ictimai maarifləndirmənin artırılması ilə bağlı işini təqdir edib. Seçki prosesinin iştirakçılarının qarşılıqlı fəaliyyətini rəqəmsallaşdıran və vətəndaşları seçkilərlə bağlı məlumatla təmin edən “E-saylov” informasiya sisteminin işlənib hazırlanmasını müsbət qiymətləndirilib. Missiya əlilliyi olan seçicilərin seçki hüquqlarının təmin edilməsi üzrə tədbirləri yüksək qiymətləndirib və bu çərçivədə, ziyarət edilmiş seçki məntəqələrinin bu seçicilər üçün münasib olduğunu qeyd edib. Missiya Özbəkistan Respublikasında 27 oktyabr 2024-cü il parlament seçkilərinin Özbəkistan Respublikasının milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi nəticəsinə gəlib. Səfər çərçivəsində Daşkənd və Buxara şəhərlərində də mədəni proqram təşkil edilib. TÜRKPA Seçki Müşahidə Missiyasının tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentariləri – Əhliman Əmiraslanov, Ağalar Vəliyev (Azərbaycan), Kudayberqen Beksultanov (Qazaxıstan), Azizbek Tursunbayev (Qırğızıstan), Osman Mesten, Mahmut Rıdvan Nazırlı, Kadim Durmaz, Harun Özgür Yıldızlı, Filiz Kılıç, Ömer Faruk Gergerlioğlu (Türkiyə), TÜRKPA Baş katibi Mehmet Süreyya Er, eləcə də parlamentlərin əməkdaşları və TÜRKPA Katibliyinin digər nümayəndələri daxil olub. Missiyaya Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten rəhbərlik edib.