TÜRKPA Missiyası Özbəkistanın MSK sədri ilə görüşüb
Tarix
Baxış
3
25 oktyabr 2024-cü il tarixində TÜRKPA Seçki Müşahidə Missiyası Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxodjayev ilə görüşüb.
Missiya üzvlərini salamlayan MSK sədri ölkənin nümayəndəli orqanlarına keçirilən seçkilərə hazırlıqla bağlı ümumi məlumat verib. O, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasına seçkilər üçün proporsional təmsilçilik və majoritar sistemləri özündə birləşdirən və birmandatlı seçki dairələri üzrə 75, qapalı partiya siyahısı üzrə ümumxalq seçki dairəsindən isə 75 deputatın seçildiyi yeni tətbiq edilmiş qarışıq seçki sistemi barədə məlumat verib.
O, həmçinin seçki idarəetmə strukturunda dəyişiklikləri və siyasi partiyalar tərəfindən namizədlərin irəli sürülməsi zamanı qadınlar üçün nəzərdə tutulan kvotanın 30%-dən 40%-ə yüksəldilməsini qeyd edib.
Zayniddin Nizamxodjayev parlament seçkiləri üçün ümumilikdə 875 namizədın qeydə alındığını, 375 namizədin birmandatlı dairələr üzrə, 500 namizədin isə partiya siyahıları üzrə mübarizə apardığını bildirib.
Ümumilikdə, xaricdə 40 ölkədə 57 seçki məntəqəsi ilə yanaşı, 11 028 seçki məntəqəsi yaradılıb. MSK sədri seçki günü öz yaşayış yerlərinin seçki məntəqələrində səs verə bilməyənlər üçün erkən səsvermə prosesinə toxunub və erkən səsvermənin 16-23 oktyabr tarixlərində keçirildiyini qeyd edib. O, parlament seçkiləri üçün 850-dən çox beynəlxalq müşahidəçinin qeydə alındığını bildirib.
Həmçinin o, seçki prosesi iştirakçılarının qarşılıqlı fəaliyyətini rəqəmsallaşdırmaq üçün hazırlanmış “E-saylov” informasiya sistemi haqqında məlumat verib.
Missiya öz növbəsində seçki prosesinin uğurlu keçməsi üçün ən xoş arzularını çatdırıb.
TÜRKPA Seçki Müşahidə Missiyasının tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentariləri – Əhliman Əmiraslanov, Ağalar Vəliyev (Azərbaycan), Kudayberqen Beksultanov (Qazaxıstan), Azizbek Tursunbayev (Qırğızıstan), Osman Mesten, Mahmut Rıdvan Nazırlı, Kadim Durmaz, Harun Özgür Yıldızlı, Filiz Kılıç, Ömer Faruk Gergerlioğlu (Türkiyə), TÜRKPA Baş katibi Mehmet Süreyya Er, eləcə də parlamentlərin əməkdaşları və TÜRKPA Katibliyinin digər nümayəndələri daxildir. Missiyaya Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten rəhbərlik edir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026