TÜRKPA Missiyası Azərbaycan MSK sədri ilə görüşüb
Tarix
Baxış
3
30 avqust 2024-cü il tarixində TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
MSK sədri Missiya üzvlərini salamlayaraq Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq barədə məlumat verib. Cənab Pənahov seçki sistemi, seçkilərin idarə olunması, namizədlərin qeydiyyatı, əlilliyi olan seçicilərin seçki hüquqlarının təmin edilməsi ilə bağlı tədbirlər və seçkilərin müşahidəsi barədə danışıb.
MSK sədri növbədənkənar parlament seçkilərində 990 namizədin iştirak etdiyini, bu namizədlərdən 305 nəfərin 25 siyasi partiya tərəfindən irəli sürüldüyünü, 6343 seçki məntəqəsinin daimi əsasda, 135 seçki məntəqəsinin isə müvəqqəti olaraq fəaliyyət göstərdiyini, işğaldan azad edilmiş ərazilərdə 54 seçki məntəqəsinin yaradıldığını qeyd edib. Sədr, həmçinin müvafiq seçki məntəqələrinin panduslarla, bütün seçki məntəqələrinin isə Brayl şrifti ilə yazılmış trafaretlərlə təchiz edildiyini, şəffaflığın daha böyük miqyasda təmin olunması məqsədilə ölkə üzrə 1000 seçki məntəqələrində veb-kameraların quraşdırıldığını qeyd edib. MSK sədri növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 600-ə yaxın beynəlxalq, 112 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçdiyini bildirib.
TÜRKPA Missiyası səsvermənin işğaldan azad edilmiş ərazilərdə keçirilməsi baxımından seçkilərin əhəmiyyətini vurğulayıb. Missiya qarşıdan gələn seçkilərin keçirilməsində uğurlar arzulayıb. TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstan və Türkiyə parlamentariləri – Mukaş İskandirov (Qazaxıstan), Ahmet Zenbilci, Emre Çalışkan, Mahmut Rıdvan Nazırlı, Kadim Durmaz və Filiz Kılıç (Türkiyə), TÜRKPA Baş katibi Mehmet Süreyya Er, parlamentlərin əməkdaşları və TÜRKPA Katibliyinin digər nümayəndələrindən ibarət olub. Missiyaya Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zenbilci rəhbərlik edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026