TÜRKPA Macarıstanda keçirilən Hun-Türk Qurultayında iştirak edib
Tarix
Baxış
3
9-11 avqust 2024-cü il tarixində Baş katib Mehmet Süreyya Er Macar-Turan Fondunun Macarıstanda təşkil etdiyi ənənəvi Hun-Türk Qurultayında iştirak edib.
Kurultayda müxtəlif ölkələrdən olan hun-türk xalqlarının nümayəndələri, o cümlədən Türk əməkdaşlıq təşkilatları, diplomatik korpus və akademik dairələrin nümayəndələri, parlamentarilər və digər rəsmi şəxslər iştirak ediblər.
Qurultay Macarıstan Milli Assambleyasında (Parlament) keçirilən açılış mərasimi ilə başlayıb. Tədbiri Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak açaraq salamlama nitqi ilə çıxış edib. Açılış mərasimində, həmçinin TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er də çıxış edib.
Baş katib çıxışında Hun-Türk Qurultayının ulu əcdadlara, Atilla irsinə ehtiramın, macar və türk xalqları arasında möhkəm əlaqələrinin təzahürü olduğunu qeyd edib. O, tarixi bağların Macarıstan və türk dünyası arasında bütün səviyyələrdə əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayaraq, bu kontekstdə Macarıstan Milli Assambleyasının TÜRKPA-nın fəaliyyətində yüksək səviyyəli və fəal iştirakına toxunub.
Baş katib türk dünyasının tarixi-mədəni irsinin təbliğini türk əməkdaşlığının məqsədlərindən biri kimi qeyd edərək, Hun-Türk Qurultayının Armin Vamberi, Gyula Nemet, Mandoki Konqur İştvan kimi görkəmli şərqşünas və türkoloqları yetişdirmiş Macarıstanın ümumi irsin təbliğinə verdiyi daha bir önəmli töhfə olduğunu vurğulayıb.
Qurultayın əsas hissəsi Buğacda baş tutub. Tədbirin olduqca zəngin proqramı müxtəlif sərgilər, yarışlar, nümayişlər, o cümlədən Atillanın çadırı (böyük yurd nümayişi), at şousu, tazı itlər təqdimatı, şahin ovu nümayişi, köçəri yürüş, xalq musiqisi və rəqs nömrələri, oxatma, milli kəmər güləşi və at yarışları, eləcə də elmi və maarifləndirici mühazirələrdən ibarət olub.
Proqram çərçivəsində həmçinin türk əməkdaşlıq təşkilatları rəhbərlərinin iştirakı ilə birgə konfrans keçirilib. Konfransda çıxış edən Baş katib Mehmet Süreyya Er türk dünyasının öyrənilməsində və türkologiyanın inkişafında mühüm rol oynayan macar türkologiyasını xüsusi qeyd edib. O, Macarıstanın türk dünyası ilə əlaqələrinin zamanın sınağından çıxmış tarixi dostluq və qardaşlıq bağları olduğunu qeyd edib.
“Bu gün ortaq köklərimiz və tariximiz Macarıstan və türk dünyasının yaxınlaşması və əməkdaşlıq üçün möhkəm təməldir. Macarıstanın tarixində və mədəniyyətində türk amilini vurğulayan araşdırmalar xalqlarımız arasında çoxəsrlik əlaqələrin elmi əsasını təşkil edir. Bu kontekstdə macar türkologiyası irsinin qorunub saxlanılması, dərindən öyrənilməsi və təbliği dövlətlərimiz arasında mövcud əməkdaşlığın daha da inkişafına və dərinləşməsinə, habelə gələcək nəsillərə ötürülməsinə təkan verə bilər”, - deyə Baş katib əlavə edib.
Cənab Er eyni zamanda TÜRKPA və Macar-Turan Fondu arasında əməkdaşlığın ümumi irsin qorunması və təbliği kimi ortaq məqsədlərə nail olunmasında əhəmiyyətini xüsusi vurğulayıb.
Qurultayın proqramı alov şousu ilə yekunlaşıb.
Hun-Türk Qurultayı geniş coğrafiyadan minlərlə iştirakçını cəlb edən Avropada keçirilən ən böyük tədbirlərindən biridir. Qurultay qədim adət-ənənələrin qorunub saxlanmasının təntənəsidir və hun-türk xalqlarının qədim mədəniyyətinin təşviqinə və ortaq kök və irs hissinin aşılanmasına xidmət edir.
Hun-Türk Qurultayı ənənəvi olaraq Macarıstanın Buğac şəhərində görkəmli alim Andraş Jolt Bironun rəhbərlik etdiyi Macar-Turan Fondu tərəfindən təşkil olunub.
TÜRKPA və Macar-Turan Fondu arasında qarşılıqlı fəaliyyət 2022-ci ildə imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində inkişaf edir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026