TÜRKPA Laçın İqlim Fəaliyyəti Dialoqunda iştirak edib
Tarix
Baxış
3
24 may 2024-cü il tarixində Baş katibin müavini vəzifəsini icra edən Sakı Sadıkov Laçın İqlim Fəaliyyəti Dialoqunda iştirak edib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş tədbirdə COP29-un təqdimat mərasimi keçirilib.
Tədbirlərdə dövlət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın qarşıya qoyduğu məqsədlərə nail olmaq əzmində və bu istiqamətdə bütün səylər göstərmək niyyətində olduğunu vurğulayıb.
Hikmət Hacıyev əməkdaşlıq, universal dəstək, investisiya və innovasiyalar vasitəsilə istənilən yerdə yaşıl enerjinin istehsalının mümkün olduğunu qeyd edib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev COP29-a hazırlıqla bağlı əməkdaşlığın vacibliyini vurğulayaraq, Azərbaycanda akkreditə olunmuş diplomatları konfransa hazırlıq prosesində, xüsusilə də tədbirin gündəliyinin hazırlanmasında fəal olmağa çağırıb.
Mayın 24-də İqlim Fəaliyyəti üzrə Laçın Dialoqu çərçivəsində tədbir iştirakçıları Zerti Aqro-Sənaye Parkına baş çəkiblər. Qonaqlara Zerti Aqro-Sənaye Parkında həyata keçirilən kənd təsərrüfatı işləri barədə məlumat verilib.
İştirakçılar “Xoçazfilm” kinostudiyasında da olublar. Qarabağ bölgəsinin genişmiqyaslı təbliği ilə bağlı layihələrin həyata keçirilməsi, rayonda keçirilməsi nəzərdə tutulan mədəni tədbirlərin işıqlandırılması, Laçında aparılan bərpa işlərinin gedişatı ilə tanışlıq, milli brendlərin və yerli məhsulların təbliği, kino və incəsənət kurslarının və müsabiqələrinin təşkili kimi “Xoçazfilm” kinostudiyasının perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Proqram daha sonra Qarabağın və Şərqi Zəngəzurun ekosisteminin bərpasına töhfə vermək məqsədilə Laçın rayonunun Həkəri çayına forel balıqlarının buraxılması prosesinin müşahidəsi ilə davam etdirilib.
Sonra 28 May – Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisinin açılışı olub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının COP29-un bu ilin noyabrında Azərbaycanda keçirilməsi planlaşdırılır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısının alınması məqsədilə imzalanmış sazişdir. COP29 (Tərəflərin Konfransı) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qanunverici orqan olan konfransdır. 198 ölkə Konvensiyanın iştirakçısıdır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026