TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA İssık-Kul Seçki Forumunda iştirak edib

TÜRKPA İssık-Kul Seçki Forumunda iştirak edib

Tarix
Baxış
3
26-27 iyun 2025-ci il tarixlərində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilmiş İssık-Kul Seçki Forumunda iştirak edib. Forum “Seçici iştirakına müasir yanaşmalar: nəzəriyyədən təcrübəyə” mövzusu altında təşkil edilib. İssık-Kul Seçki Forumunda beynəlxalq təşkilatların, türk dövlətlərinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, habelə Rusiya, Belarus, Tacikistan, Gürcüstan, Estoniya, Moldova, Monqolustan və Hindistanın mərkəzi seçki orqanlarının rəhbərləri və nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Qırğız Respublikasının dövlət rəsmiləri iştirak ediblər. Forum Qırğız Respublikasının Prezidenti Sadır Japarovun tədbir iştirakçılarına ünvanladığı videomüraciət ilə başlayıb. Açılış mərasimində Qırğız Respublikasının Seçki və Referendum üzrə Mərkəzi Komissiyasının sədri Tınçtık Şaynazarov, Qırğız Respublikası Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev (videomüraciət vasitəsilə), Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev (videomüraciət vasitəsilə), MDB Parlamentlərarası Assambleyasının Baş katibi Dmitriy Kobitskiy, TÜRKPA Baş katibi Mehmet Süreyya Er, ATƏT-in Bişkek Proqram Bürosunun rəhbəri Aleksey Roqov (videomüraciət vasitəsilə) və BMT-nin Qırğız Respublikasındakı rezident əlaqələndiricisi Antje Qrav çıxış ediblər. Öz çıxışında Baş katib Mehmet Süreyya Er seçkilərin təkcə idarəetmə mexanizmi deyil, həmçinin ictimai etimadın təzahürü olduğunu qeyd edib. Vətəndaşların, xüsusilə də qadınların, gənclərin və əlillərin seçkilərdə geniş iştirakının təmin edilməsini inklüzivliyə töhfə verən mühüm vəzifə kimi qeyd edən Baş katib, bu kontekstdə qadın və gənclərə dair aktual məsələlərə öz fəaliyyət sahələri çərçivəsində toxunan, qadınların və gənclərin səlahiyyətlərinin artırılmasını təmin edən, qadınların bütün sahələrdə iştirakını və fəallığını artıran, qadınların və gənclərin siyasi həyatda, onun tərkib hissəsi kimi seçki proseslərində fəal iştirakına təkan verən amil kimi TÜRKPA Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun rolunu vurğulayıb. Baş katib Forumun əməkdaşlıq, bilik və təcrübə mübadiləsi üçün çox mühüm platforma olduğunu qeyd edib. O, TÜRKPA-nın seçki və referendum müşahidəsi ilə bağlı fəaliyyətindən danışıb və TÜRKPA-nın inklüziv iştirakın təşviqinə və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini bir daha vurğulayıb. Forum çərçivəsində “Beynəlxalq seçki təcrübələrinin milli kontekstlərə uyğunlaşdırılması” mövzusunda keçirilən plenar iclas və “Seçki təşkilatçıları üçün ən yaxşı təlim metodologiyaları” və “Gənclərin seçki proseslərində iştirakı” mövzularında dəyirmi masalar müxtəlif ölkələrin seçki proseslərinə dair unikal və qabaqcıl təcrübələrinin mübadiləsi üçün imkan yaradıb. Tədbirin proqramında müasirləşdirilmiş seçki avadanlıqlarının nümayişi də yer alıb. İyunun 27-də Forum çərçivəsində keçirilən mədəni proqrama mənzərəli İssık-Kul gölünə qayıqla səyahət də daxil edilib.