TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Heydər Əliyevin 100-cü ildönümünə həsr edilmiş konfrans keçirib

TÜRKPA Heydər Əliyevin 100-cü ildönümünə həsr edilmiş konfrans keçirib

Tarix
Baxış
3
21 noyabr 2023-cü ildə TÜRKPA Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və Parlamentarizm” mövzusunda beynəlxalq konfrans keçirib. Konfransdan əvvəl nümayəndə heyətlərinin iştirakı ilə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı və “Əbədi məşəl” abidə kompleksi, eləcə də Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulması mərasimləri olub. Konfransda türk dövlətlərinin parlamentlərindən olan nümayəndə heyətləri, parlamentlərarası təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələri, türk dövlətlərinin Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər. Tədbiri Baş katib Mehmet Süreyya Er açıb. Baş katib açılış nitqi ilə çıxış edərək, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və parlamentarizm ənənələrinin inkişafındakı rolunu vurğulayıb. O, Heydər Əliyevin türk dövlətləri arasında əlaqələrin inkişafına verdiyi dəyərli töhfələrə toxunub, müasir dövrdə Türk dünyasında müsbət dinamika ilə fəal inkişaf edən əməkdaşlığın ulu öndərin uzaqgörən ideyalarının təcəssümü olduğunu qeyd edib. TÜRKPA-nın fəaliyyətdə olan sədrliyi, Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Bekir Bozdağ, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Əhliman Əmiraslanov və Hikmət Məmmədov, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Dastanbek Cumabekov, Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zenbilci, Özbəkistan Respublikası Ali Məclisi Senatının üzvü Şuxrat Çulliyev, Qara Dəniz İqtsadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi Asəf Hacıyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun birinci prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasındakı nümayəndəsi Həsən Həsənov və Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Selçuk Karakılıç konfransda çıxış ediblər. Konfransa Azərbaycan Respublikası Milli Məclisinin üzvü, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər Komissiyasının üzvü Hikmət Məmmədov moderatorluq edib. İştirakçılar Azərbaycanın və bütün türk dünyasının tarixində silinməz iz qoymuş Heydər Əliyevin türk dövlətlərinin birlik və həmrəyliyinin möhkəmləndirilməsi naminə yorulmaz fəaliyyətindən danışıb və bütün türk dövlətlərində Heydər Əliyev şəxsiyyətinə və siyasi irsinə böyük dəyər və dərin ehtiramın olduğunu vurğulayıblar. Natiqlər müasir Azərbaycan parlamentarizminin yeni mərhələsinin təməlində dayanan Heydər Əliyevin parlamentin rolu və nüfuzunun artırılmasında xidmətlərini xüsusilə qeyd ediblər. Tədbirdə dövlət xadimi, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasındakı nümayəndəsi Həsən Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, Türk Akademiyası tərəfindən azərbaycan dilindən türk dilinə tərcümə edilmiş “Heydər Əliyev: Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr” kitabını təqdim edib.