TÜRKPA Gənc Parlamentarilər Qrupunun rəhbəri Aşqabadda keçirilən beynəlxalq konfransda iştirak edib
Tarix
Baxış
3
27 dekabr 2023-cü il tarixində TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Emre Çalışkan Türkmənistan Parlamentinin sədri Dünyagözəl Qulmanovanın xüsusi dəvəti ilə Aşqabad şəhərində Türkmənistan Ticarət və Sənaye Palatasının binasında təşkil edilmiş “Arxadağ Sərdarla Xoşbəxt Gənclik” mövzusunda beynəlxalq elmi konfrans və sərgidə iştirak edib.
Prezidentin Sərəncamına əsasən 2023-cü ilin “Arxadağ Sərdarla Xoşbəxt Gənclik” ili elan edilməsi türkmən xalqı və gənclərinin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəhbərliyi altında Qəhrəman-Arxadağ yolunu birgə addımlamaq və ölkənin gələcək tərəqqisi üçün daim çalışmaq arzusunu əks etdirən rəmzi məna daşıyır.
Konfransda nazirliklər, idarələr və ictimai təşkilatlar, eləcə də BMT-nin agentliklərinin və digər beynəlxalq birliklərin nümayəndələri iştirak ediblər.
Tədbirdə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov açılış nitqi ilə çıxış edib.
Cənab Berdiməhəmmədov Türkmənistanın gənclərinin gələcəkdə də ölkənin inkişafı və beynəlxalq nüfuzunun artması naminə yaradıcılıqlarının və ürəkdən çalışmalarının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Millət vəkili Emre Çalışkan xəbər kanallarına verdiyi müsahibələrdə iki ölkə lideri - Türkmənistan və Türkiyə Cümhuriyyətinin Prezident Rəcəb Tayyib Ərdoğanın mühüm səylərini, həmçinin gənc millət vəkillərinin bu prosesə verdiyi töhfələri vurğulayıb. Türkmənistanın TÜRKPA və Türk Dövlətləri Təşkilatında tamhüquqlu üzvlük məsələsinə toxunan millət vəkili, bu prosesin ən qısa zamanda reallaşacağına inamını ifadə edib.
Konfransın yekununda Prezident Berdiməhəmmədov “Arxadağ Sərdarla Xoşbəxt Gənclik” ilinin nəticələrinin qiymətləndirilməsinə dair Qərar imzalayıb və bunun Türkmənistanın gənc nəslinin təhsil, elm, mədəniyyət, sənaye, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi məqsədi daşıdığını qeyd edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026