TÜRKPA Gənc Parlamentarilər Qrupunun 4-cü iclası
Tarix
Baxış
3
11 iyun 2025-ci il tarixində TÜRKPA-nın 14-cü Plenar iclası çərçivəsində Gənc Parlamentarilər Qrupunun “TÜRKPA üzv dövlətlərində gənclərin miqrasiya təcrübələri və mədəni uyğunlaşma prosesləri” mövzusunda 4-cü iclası keçirilib. Tədbirdə TÜRKPA üzv ölkələrinin parlamentariləri bir araya gəlib.
İclasa Qrupun rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Anar Məmmədov sədrlik edib. Açılış nitqi ilə çıxış edən cənab Məmmədov görüşə ev sahibliyi etdiyinə görə Qazaxıstan Respublikası Parlamentinə təşəkkür edib və türk dünyasında gənclərin mobilliyinin və mədəniyyətlərarası dialoqun təşviqinin vacibliyini vurğulayıb.
İclasda Anar Məmmədovla yanaşı, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Elnur Beysenbayev, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Aysuluu Mamaşova və Türkiyə Böyük Millət Məclisinin üzvü Emre Çalışkan da çıxış ediblər.
İştirakçılar çıxışları zamanı TÜRKPA üzv dövlətləri arasında tələbə və gənclərin mobilliyinin mövcud modellərini və mədəni adaptasiyanın gücləndirilməsi üçün konkret addımları araşdırıblar.
Cənab Məmmədov bu prosesdə ali təhsilin rolunu xüsusi qeyd edərək, universitetlərin mübadilə proqramlarının genişləndirilməsinin, gənclərin digər üzv dövlətlərdə təhsil alması və həmyaşıdları ilə ünsiyyət qurması üçün əlavə imkanların yaradılmasının zəruriliyini vurğulayıb.
Gənclərin görüşlərinin asanlaşdırılması üçün təcrübələr, ortaq mədəni fəaliyyətlər, mübadilə platformaları, birgə məktəblər və tələbələrin universitetlər arasında maneəsiz keçidini dəstəkləmək üçün siyasətlə bağlı fikir mübadiləsi aparılıb.
Üzv dövlətlərin parlamentariləri əməkdaşlığın gücləndirilməsinin TÜRKPA regionunda gənclərin bir-biri ilə əlaqələrini dərinləşdirməyə və dayanıqlı mədəniyyətlərarası şəbəkələr qurmağa imkan verəcəyinə əminliyini ifadə ediblər.
Qrup öz Hesabat məruzəsi və Tövsiyə qərarını qəbul edərək növbəti mövzunu “Gənclərin siyasi qərar qəbuletmə proseslərinə cəlb edilməsi və TÜRKPA üzv dövlətlərində gənc parlamentarilərin təmsilçilik dərəcəsi” olaraq müəyyən edib və 5-ci iclasının TÜRKPA-nın 15-ci Plenar iclası çərçivəsində Qırğız Respublikasında keçirilməsini qərara alıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026