TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğız Respublikasında keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə dair rəy bildirib
Tarix
Baxış
3
1 dekabr 2025-ci il tarixində Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentarilərindən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğız Respublikasında keçirilən növbədənkənar parlament seçkilərinə dair brifinq keçirərək mətbuata öz rəyini təqdim edib.
Missiya üç şəhərdə - Bişkek, Oş və Özgöndə monitorinq həyata keçirdiyini və seçki gününün dinc şəraitdə keçdiyini və səmərəli idarə olunduğunu təsdiqləyib. Missiya müşahidə proqramı çərçivəsində Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarov və Qırğız Respublikası xarici işlər nazirinin müavini Meder Abakirov ilə görüş keçirdiyini və seçkilərə hazırlığın əsas aspektləri barədə məlumatlandırıldığını mətbuata bildirib. Daha sonra növbədənkənar parlament seçkilərinin rəqabətli və şəffaf şəraitdə keçirildiyi vurğulanaraq, seçki qanunvericiliyində əsaslı dəyişikliklərin edilməsi və hüquqi çərçivənin demokratik seçkilərin keçirilməsi istiqamətində lazımi şərait yaratdığı qeyd edilib.
Bu kontekstdə Missiya gender kvotasının tətbiqinin qadınların ölkənin siyasi həyatında iştirakının gücləndirilməsinə töhfə verdiyini vurğulayıb. Seçkilərə hazırlıqla bağlı seçki idarəetmə orqanlarının səmərəli və peşəkar fəaliyyəti də yüksək qiymətləndirilib. Bundan başqa, Missiya vətəndaşların seçki hüquqlarını gücləndirən və resursların daha səmərəli idarə olunmasını təmin edən yeni səsvermə avadanlığının və məsafədən səsvermə mexanizmlərinin istifadəsini qeyd edib. Eyni zamanda, Qırğız Respublikasında beynəlxalq seçki müşahidəsi üçün yaradılmış hüquqi və maddi-texniki şərait müsbət qiymətləndirilib. Missiya 30 noyabr 2025-ci il tarixində Qırğız Respublikasında keçirilmiş növbədənkənar parlament seçkilərinin Qırğız Respublikasının milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlib.
Mətbuat brifinqinin ardınca Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Beynəlxalq Seçki Müşahidə Missiyalarının rəhbərləri və Mərkəzi Seçki Komissiyalarının sədrləri ilə görüşü keçirilib. Görüşdə TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Məclisinin deputatı Abzal Kuspan iştirak edib.
TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentariləri - Cavanşir Feyziyev, Abzal Kuspan, Serik Şaydarov, Osman Mesten, Mahmut Özer, Mahmut Rıdvan Nazırlı, Kadim Durmaz, Filiz Kılıç, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin şöbə müdiri Fərid Əbilov, o cümlədən TÜRKPA Beynəlxalq Katibliyinin və Türkiyə parlamentinin əməkdaşlarından ibarət olub.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026