TÜRKPA Baş katibi və ATƏT PA Baş katibi arasında ikitərəfli görüş keçirilib
Tarix
Baxış
3
18 noyabr 2025-ci il tarixində, İstanbulda keçirilən ATƏT PA-nın 23-cü payız sessiyası çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi, səfir Ramil Həsən ATƏT Parlament Assambleyasının (ATƏT PA) Baş katibi cənab Roberto Montella ilə görüşüb.
Baş katib iki qurum arasında uzunmüddətli əməkdaşlığı xatırladaraq, cənab Montellanın TÜRKPA-nın formalaşması dövründə, o cümlədən ATƏT PA Baş katibinin müavini vəzifəsində çalışdığı illərdən başlayaraq göstərdiyi mühüm dəstəyi vurğulayıb. O qeyd edib ki, 15 ildən artıq müddətdə əsası qoyulmuş tərəfdaşlıq ruhu bu gün ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün möhkəm zəmin olaraq qalmaqdadır.
Görüş zamanı TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları üçün Kopenhagendə qısa müddətli təcrübə mübadiləsi proqramının yenidən tətbiqi imkanları müzakirə edilib. TÜRKPA Baş katibi ATƏT PA tərəfindən 2010–2011-ci illərdə təşkil edilmiş bənzər uğurlu proqramı qeyd edərək həmin təcrübənin TÜRKPA-nın ilkin potensialının formalaşmasına əhəmiyyətli töhfə verdiyini bildirib. O, ATƏT PA Beynəlxalq Katibliyi üçün münasib vaxtda bu proqramın yenidən keçirilməsinə Beynəlxalq Katibliyin hazır olduğunu bildirib.
Tərəflər həmçinin regional sülh və dialoq məsələləri üzrə fikir mübadiləsi aparıblar. TÜRKPA Baş katibi ATƏT PA-nın regionda sabitliyin dəstəklənməsində konstruktiv rolunu yüksək qiymətləndirib və Qarabağ münaqişəsinin başa çatmasından və Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqlarından sonra yaranmış müsbət dinamikanı vurğulayıb. O qeyd edib ki, əldə olunmuş irəliləyiş parlament diplomatiyası sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradır. Baş katib Vaşinqtonda qəbul edilmiş tarixi qərarın və Azərbaycan ilə Ermənistan arasında sülhün irəliləməsinin TÜRKPA və ATƏT PA arasında əməkdaşlıq üçün yeni bir mühit yaradacağına əminliyini də ifadə edib.
Bütün TÜRKPA üzv dövlətlərinin ATƏT PA-nın üzvü olduğunu nəzərə alaraq, Baş katib bu ortaq platformanın institusional əlaqələrin dərinləşdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi üçün güclü potensial yaratdığını vurğulayıb.
Baş katib TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusunun əldə edilməsi üçün üzv dövlətlərin bütün zəruri prosedur addımlarını atacağını və TÜRKPA Beynəlxalq Katibliyinin öz səlahiyyətləri çərçivəsində tam dəstək göstərməyə hazır olduğunu bildirib. O, həmçinin cənab Montellanın bu istiqamətdə dəstək verəcəyinə ümid etdiyini ifadə edib.
Bundan əlavə, Baş katib “TÜRKPA +” çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, bu məsələyə dair mühüm qərarlar Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilmiş son Zirvə toplantısında qəbul edilib. O, bu qərarların TDT-nin parlament ölçüsü olan TÜRKPA-ya da birbaşa aid olduğunu ifadə edib.
Baş katib parlament diplomatiyası, demokratik inkişaf, münaqişələrin qarşısının alınması və həlli, eləcə də xalqlar arasında əlaqələrin gücləndirilməsinə dair məsələlər üzrə ATƏT PA ilə birgə fəaliyyətin irəliləməsi istiqamətində TÜRKPA-nın güclü marağını da diqqətə çatdırıb.
Öz növbəsində, cənab Montella ATƏT PA və TÜRKPA münasibətlərində yeni bir mərhələnin açılışından məmnunluğunu ifadə edərək qurumların səlahiyyətləri çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O TÜRKPA-nın uzun illər ATƏT PA-da qonaq qismində iştirak etdiyini ifadə edərək və iştirakın müşahidəçi statusu səviyyəsinə qaldırılması niyyətini yüksək qiymətləndirdiyini bildirib. Cənab Montella Baş katibin səlahiyyətləri çərçivəsində bu prosesə dəstək olmaq üçün tövsiyələr verərək köməklik göstərməyə hazır olduğunu bildirib. ATƏT PA Beynəlxalq Katibliyi, həmçinin TÜRKPA-nın müşahidəçi statusunun əldə olunması ilə bağlı başlayacaq prosedurlara tam dəstək verəcəyini vurğulayıb.
ATƏT PA Baş katibi, həmçinin iki parlament assambleyası arasında ikitərəfli əməkdaşlığın geniş bölgəyə müsbət töhfə verəcəyini qeyd edərək gələcəkdə birgə layihələr və proqramlar üzərində işləməyə hazır olduğunu ifadə edib.
Səfir Ramil Həsən konstruktiv görüş üçün səmimi minnətdarlığını ifadə edib və TÜRKPA-nın ATƏT PA ilə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bir daha vurğulayıb. O, cənab Montella və onun həmkarlarını onlar üçün uyğun zamanda Azərbaycanın paytaxtı Bakıya və TÜRKPA Beynəlxalq Katibliyinin mənzil-qərargahına dəvət edib.
Baş katib Roberto Montella qısa müddətli təcrübə mübadiləsi ilə bağlı təklifi yüksək qiymətləndirərək qəbul edib. Görüşdə TÜRKPA əməkdaşlarının təcrübə proqramının istiqamət və məzmununa dair təkliflərin ATƏT PA Beynəlxalq Katibliyinə təqdim ediləcəyi razılaşdırılıb.
Bundan əlavə, Baş katib Roberto Montella TÜRKPA Baş katibi tərəfindən ziyarət dəvətini müsbət qarşıladığını bildirib və Bakıya səfəri çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyinə də ziyarət edəcəyini bildirib.
Görüşdə ATƏT PA Beynəlxalq Katibliyindən Baş katibin müavini Gustavo Pallares, aparat rəhbəri Andreas Baker, baş məsləhətçi İrina Sabaşuk, TÜRKPA Beynəlxalq Katibliyindən isə Baş katibin müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026