TÜRKPA Baş katibi TDT-nin Budapeştdəki Nümayəndəliyinin icraçı direktoru ilə görüşüb
Tarix
Baxış
3
10 dekabr 2025-ci il tarixində TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana rəsmi səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəliyinin icraçı direktoru səfir Balaş Hendrix ilə görüşüb.
Balaş Hendrix TÜRKPA nümayəndə heyətini səmimi salamlayaraq onların ziyarətindən məmnunluq duyduğunu ifadə edib.
O, üzv dövlətlər arasında qanunvericilik çərçivələrinin uyğunlaşdırılması üzrə ortaq əməkdaşlığın vacibliyini vurğulayaraq, TÜRKPA-nın koordinasiyası ilə Türk Dövlətləri Təşkilatının qəbul etdiyi qərarların milli parlamentlərdə sürətli ratifikasiyasının mühüm rolunu qeyd edib. O, həmçinin TÜRKPA ilə TDT-nin Avropa Nümayəndəliyinin ortaq koordinasiyası və tərəfdaşlığı çərçivəsində 2026-cı ildə konfranslar, seminarlar və panel müzakirələrin təşkil edilməsi məqsədilə Avropa İttifaqı ilə körpü rolunu oynayan TDT-nin Macarıstan Nümayəndəliyinin imkanlarından istifadə potensialını vurğulayıb. Bu tədbirlər Orta Dəhliz təşəbbüsündə və TDT-nin Qəbələ Bəyannaməsində əks olunmuş ortaq maraq doğuran müxtəlif mövzuları əhatə edəcəkdir.
Qeyd olunan təşəbbüslər TÜRKPA Baş katibi, eləcə də səfir Balaş Hendrix tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Bu cür layihələrin gələcək fəaliyyət planına daxil edilməsi məsələsi də müzakirə olunub.
Görüşdə qısamüddətli təcrübə proqramlarının həyata keçirilməsinin vacibliyi də vurğulanıb. Bu kontekstdə TDT-nin Avropa Nümayəndəliyinin diplomatik heyətinin TÜRKPA-da, eyni zamanda TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşlarının TDT-nin Macarıstan Nümayəndəliyində təcrübə mübadiləsi proqramlarında iştirakı üçün imkanların yaradılmasına dair məhsuldar müzakirələr aparılıb. Tərəflər qarşılıqlı əməkdaşlığın davamlı inkişafının və onun yeni mərhələyə yüksəldilməsinin qardaş ölkələrin rəhbərləri tərəfindən təsdiq edilmiş siyasi qərarların, bəyannamələrin və ortaq maraqların dəstəklənməsi məqsədilə parlament ölçüsü olan TÜRKPA-nın hökumətlərarası təşkilat kimi TDT ilə sıx əməkdaşlıq etməli olduğunu qeyd ediblər.
Səfir Ramil Həsən Nümayəndəliyə edilmiş ilk rəsmi ziyarəti zamanı səmimi qəbula görə minnətdarlığını bildirib. O, türk dünyasının ortaq strateji maraqlarının əməkdaşlıq üçün yeni perspektivlər açdığını qeyd edərək, bu potensialın ortaq təşəbbüslər vasitəsilə reallaşdırılmasının vacibliyini vurğulayıb. Səfir TDT-nin Budapeşt Nümayəndəliyinin TÜRKPA-nın fəaliyyətində, xüsusən də üzv dövlətlər arasında koordinasiya mexanizmləri çərçivəsində fəal iştirakı ilə bağlı təklif irəli sürüb. O, Macarıstanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Attila Tilkinin noyabr ayında İstanbul şəhərində ATƏT PA-nın payız sessiyası çərçivəsində keçirilən koordinasiya iclasında iştirakını təqdirlə qeyd edib. Səfir Ramil Həsən həmçinin gələcəkdə müzakirələrin aparılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə TÜRKPA-nın Bakı şəhərindəki Beynəlxalq Katibliyini ziyarət etməyə dəvət edib. Səfir Balaş Hendrix görüşdən məmnunluq duyduğunu ifadə edərək, Budapeşt Nümayəndəliyinin bütün türk qurumları üçün “açıq qapı” prinsipinə əməl etdiyini vurğulayıb. O, “Türk dünyasına Baxış – 2040” sənədinin uzunmüddətli məqsədlərinə nail olunmasında sıx əməkdaşlığın vacibliyini qeyd edərək, Türk Dövlətləri Təşkilatının davamlı dinamik inkişaf etdiyini vurğulayıb. Böyük təşəbbüslər üzərində yüksək fədakarlıqla çalışan peşəkarların əhatəsində olan icraçı direktor nümayəndə heyətini Macarıstanın Xarici İşlər Nazirliyinin və Baş nazirinin tam dəstəyi ilə fəaliyyət göstərən Avropadakı Nümayəndəliyini onların ortaq evi olduğunu qeyd edib.
Balaş Hendrix fəaliyyət yönümlü plan və təşəbbüslərin parlamentlərin güclü iştirakını tələb etdiyini vurğulayaraq, üzv dövlətlər arasında enerji sahəsində əməkdaşlıq kimi bir çox strateji məsələlərin təbii olaraq TÜRKPA ilə əməkdaşlığa səbəb olduğunu etiraf edib. O, bütün üzv dövlətlərin enerji sahəsində mühüm üstünlüklərə malik olduğunu qeyd edərək, prioritet sahələrə diqqətin yönəldilməsinin vacibliyini vurğulayıb. O, daha sonra institusional potensialı gücləndirən və Avropa İttifaqının fəaliyyət mühitini dərindən dərk edən mübadilə proqramlarının və insanlar arasında əlaqələrin əhəmiyyətini qeyd edib. Səfir Hendrix TÜRKPA Komissiyalarının fəaliyyətini izləməkdən məmnun olduğunu və əsas layihələrdə qardaş təşkilatlar arasında artan qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirib. O, ziyarətə görə minnətdarlığını bildirərək nitqini yekunlaşdırıb.
Görüşdə Baş katibi onun müavinləri Talqat Aduov, Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova, eləcə də Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət ediblər.
Görüşdə həmçinin TDT-nin Budapeşt Nümayəndəliyinin Layihə koordinatoru Ali Kılıçarslan da iştirak edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026