TÜRKPA Astanada 5-ci Dünya Köçəri Oyunlarının açılışında iştirak edib
Tarix
Baxış
3
8-13 sentyabr 2024-cü il tarixlərində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Astana şəhərində Qazaxıstan Respublikasının evsahibliyində Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən 5-ci Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib.
Qazaxıstanın paytaxtı Astana şəhərində “Böyük Çölün Toplaşması” şüarı altında təşkil olunan 5-ci Dünya Köçəri Oyunlarında 89 ölkədən 21 ənənəvi idman növü üzrə 2 mindən çox idmançı iştirak edib.
8 sentyabr 2024-cü il tarixində Astana Arena stadionunda keçirilən təntənəli açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Saxa (Yakutiya) Respublikasının rəhbəri Aysen Nikolayev, Monqolustanın sabiq Prezidenti Nambarın Enkbayar, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan, Türk Dövlətləri Təşkilatı (TDT), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondu, Türk İnvestisiya Fondunun rəhbər və nümayəndələri, o cümlədən BMT, UNESCO, Avropa İttifaqı və CICA kimi beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Prezident Qasım-Jomart Tokayev 5-ci Dünya Köçəri Oyunlarını rəsmi olaraq açıq elan edərək Oyunların qiymətsiz irs olaraq gənc nəsillərə ötürülməsi baxımından xüsusi bir layihə olduğunu qeyd edib. Prezident Tokayev Dünya Köçəri Oyunlarının beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib. Bundan başqa, açılış mərasimində Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan çıxış edib. Açılış mərasiminə yüksək səviyyəli qonaqlarla yanaşı Baş katib Mehmet Süreyya Er də qatılıb.
İdman yarışının ilk günündə Baş katib və onu müşayiət edən nümayəndə heyəti Kazanat ippodromunda kökpar və ənənəvi kamandan oxatma yarışlarına baxmaq imkanı əldə edib və tədbir çərçivəsində “Köçərilər dünyası” etno kəndində tikilmiş çadırlara baş çəkiblər. Eyni zamanda, nümayəndə heyəti Oyunların elmi proqramı çərçivəsində Qazaxıstan Respublikasının Milli Muzeyini ziyarət edib.
Dünya Köçəri Oyunları etnik idman növləri üzrə beynəlxalq idman yarışlarıdır. Yarış Orta Asiyanın tarixən köçəri xalqlarının idman oyunları əsasında təşkil olunub. İlk dəfə olaraq, 2014-cü ildə Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Dünya Köçəri Oyunları iki ildən bir təşkil edilir. Oyunlara indiyədək Qırğız Respublikası 3 dəfə, 2022-ci ildə isə Türkiyə Respublikası İznik şəhərində ev sahibliyi edib. Dünya Köçəri Oyunları UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026