TÜRKPA Abu Dabidə ADPA Qadın Parlamentarilər Forumunun 2-ci Sessiyasında iştirak edib
Tarix
Baxış
3
27–28 yanvar 2026-cı il tarixlərində TÜRKPA Hüquq mələləri və beynəlxalq əlaqələr Komissiyasının üzvü, Türkiyə Böyük Millət Məclisinin üzvü prof. dr. Filiz Kılıç, Türkiyə Böyük Millət Məclisində TÜRKPA nümayəndə heyətinin katibi Kürşat Melih Sarıarslan və TÜRKPA Komissiyasının katibi və Qadın Parlamentarilər Qrupunun icraçı katibi Aynurə Abutalibovanın daxil olduğu TÜRKPA nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının ev sahibliyi ilə Abu Dabi şəhərində keçirilən Aralıq dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirak edib.
Tədbir “Vahid və inklüziv cəmiyyət naminə qadınların gücləndirilməsi: Körfəzdən Aralıq dənizinə” mövzusunda Ailə İnkişafı Fondunun Ali sədri, Ümumi Qadınlar İttifaqının Prezidenti və Analıq və uşaqlıq üzrə Ali Şuranın sədri, Şeyxa Fatimə bint Mübarəkin himayəsində keçirilib.
Forumun proqramına açılış mərasimi, salamlama nitqləri və əsas məruzələr, çıxışlar, təqdimatlar, açıq müzakirələr və video müraciətlər daxil olub.
Tədbir Avro-Aralıq dənizi və Körfəz regionları ilə yanaşı Asiya, Latın Amerikası və Afrika, o cümlədən Səhraaltı regiondan 200-dən artıq iştirakçını bir araya gətirib.
İştirakçılar Aralıq dənizi Parlament Assambleyasına üzv milli parlament nümayəndə heyətlərini və tərəfdaşlarını, parlament assambleyalarını, beynəlxalq qurumları, humanitar təşkilatları, eləcə də səfirlik və diplomatik nümayəndəlikləri təmsil edib.
Açılış sessiyasında Aralıq dənizi Parlament Assambleyası Qadın Parlament Forumunun Prezidenti Məryəm bin Tenaya salamlama nitqi ilə çıxış edərək qadın və qızların siyasətin formalaşdırılması və qərarların qəbul edilməsi proseslərində tam və effektiv iştirakı təmin edilmədən dayanıqlı sülhə, rifaha və sosial ədalətə nail olmağın mümkün olmadığını vurğulayıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova daha ədalətli dünyanın qurulması və gələcək nəsillər üçün daha yaxşı gələcəyin təmin olunması məqsədilə qadınların iştirakçı proseslərə tam şəkildə cəlb edilməsinin vacibliyini qeyd edib, real irəliləyişin cəmiyyətin yanaşmalarının dəyişdirilməsindən asılı olduğunu vurğulayıb.
Forumun birinci günündə iştirakçılar “Qadınlara sosial-iqtisadi və siyasi sahələrdə səlahiyyətlərin verilməsinin təşviqi” və “Qadın və qızların səhiyyə, təhsil və ekoloji ədalətə əlçatanlığının genişləndirilməsi” mövzularında sessiyalarda iştirak edib.
Forumun ikinci günü Terrorizmə qarşı Parlament Assambleyaları üzrə BMT Koordinasiya Mexanizminin Aralıq dənizi Parlament Assambleyasının sədrliyi çərçivəsində təşkil edilən müzakirələr “Qadınların terrorizmə qarşı siyasət və təcrübələrdə rolu” və “Terrorizmlə əlaqəli cinsi və gender əsaslı zorakılıq” mövzularına həsr edilib.
TÜRKPA nümayəndə heyəti müxtəlif parlament heyətlərinin nümayəndələri ilə qısa görüşlər keçirib və fikir mübadilələri aparıb, həmçinin protokol xarakterli təmaslarda və xatirə foto çəkilişlərində iştirak edib.
Forum çərçivəsində Mərakeş Krallığının nümayəndə heyətinin müraciəti əsasında Mərakeş Krallığının Müşavirlər Palatasının (Senat) sədr müavini, keçmiş turizm naziri Lahsen Haddad ilə TBMM üzvü prof. dr. Filiz Kılıç arasında tanışlıq xarakterli ikitərəfli görüş keçirilib. Görüş zamanı parlament əməkdaşlığının perspektivləri, eləcə də Assambleyalar çərçivəsində regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin cənab Lahsen Haddad xanım Filiz Kılıçı 27-28 mart 2026-cı il tarixlərində Mərakeşdə keçiriləcək ADPA İqtisadi Forumunda iştirak etməyə dəvət edib və rəsmi dəvət məktubunun TÜRKPA Beynəlxalq Katibliyi vasitəsilə göndəriləcəyini bildirib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026