TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA 95-ci ildönümündə Çingiz Aytmatovun dostlarını bir araya gətirib

TÜRKPA 95-ci ildönümündə Çingiz Aytmatovun dostlarını bir araya gətirib

Tarix
Baxış
3
2023-cü ilin 25 dekabr tarixində Bakı şəhərində TÜRKPA-nın təşkilatçılığı ilə 95-ci ildönümü münasibətilə görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun dostlarının görüşü baş tutub. Tədbirdə Çingiz Aytmatovla sağlığında dost və şəxsən tanış olan türk dünyasının tanınmış simaları, parlamentarilər, türk dövlətlərinin Bakıdakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er açıb. Baş katib açılış nitqində iştirakçıları salamlayıb və belə dəyərli auditoriya ilə birgə Çingiz Aytmatovun əziz xatirəsinə bir daha ehtiram izhar etməkdən şərəf duyduğunu qeyd edib. O, Çingiz Aytmatovun qələmi və dühası ilə bütün dünyada milyonlarla oxucu qəlbinin fatehi olduğunu ifadə edib. "Çingiz Aytmatov elə bir ədibdir ki, yüzillər keçsə də onun yaradıcılığının sönməz alovu oxucularının və ədəbiyyatsevərlərin qəlbini isidəcəkdir. Əsərlərinin dünyanın 170-dən çox dilinə tərcümə edilməsi, bütün əsərlərinə film çəkilməsi sözlərimin əyani isbatı kimi böyük yazıçının dühasının miqyasını nümayiş etdirir", - deyə Baş katib bildirmişdir. "Təsadüfi deyil ki, Çingiz Aytmatov adı dünyanın ən məşhur ədibləri ilə yanaşı çəkilir. Milyonlarla tirajla nəşr edilmiş əsərləri ilə dünyada ən çox oxunan yazıçılardan biridir", - deyə o əlavə etmişdir. Baş katib Mehmet Süreyya Er Çingiz Aytmatovu türk xalqlarının layiqli övladı, tükənməz mədəniyyət və yaradıcılıq potensialının parlaq təcəssümü kimi qeyd edib. Bu baxımdan o, Aytmatov kimi dəyərlərin yaşadılması və ötürülməsini türk dünyasında hər bir nəslin sonrakı nəsillər qarşısında müqəddəs vəzifəsi olduğunu və belə dəyərlərin təşviq edilməsinin türk dünyasının "yumşaq güc"ünə daha da güc qatdığını və türk dünyasına daha çox maraq oyatdığını vurğulayıb. Azərbaycanın millət vəkili, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının üzvü Prof. Dr. Hikmət Məmmədov tədbirə moderatorluq edib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Dr. Aktotı Raimkulova, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kayrat Osmonaliyev, Azərbaycan Yazıçıları Birliyinin sədri, xalq yazıçısı Anar, azərbaycanlı siyasətçi, diplomat, yazıçı Prof. Dr. Həsən Həsənov, qazax şairi, yazıçı, diplomat Muxtar Şaxanov, özbək jurnalist, yazıçı, Özbəkistan Milli Universitetindən Dos. Dr. Ahmadjon Meliboyev, Azərbaycanın millət vəkili Prof. Dr. İsa Həbibbəyli, qırğız yazıçısı, jurnalist Esenbay Nuruşev, tatar şairi, yazıçı, tarixçi Dr. Fauziya Bayramova, azərbaycanlı şair, jurnalist Adil Cəmil, qırğız şairi, yazıçı Abdraxman Alımbayev, Azərbaycanın millət vəkili, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədr müavini Prof. Dr. Nizami Cəfərov, Manas Nəşriyyat Evinin sahibi Muhammet Şener Bulut, Kastamonu Universitetindən Prof. Dr. Orhan Söylemez və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Dos. Dr. Mehman Həsənli tədbirdə çıxış ediblər. Çıxış edənlər Çingiz Aytmatovun həyat və yaradıcılığı, ədəbi irsi, onun türk və dünya ədəbiyyatına töhfələri haqqında danışıblar. Çingiz Aytmatovun dostları böyük yazıçı ilə tanışlıqları və keçirdikləri anlar ilə bağlı xoş xatirələrini bölüşüblər. Muhammet Şener Bulut Çingiz Aytmatovun Türkiyənin Elazığ şəhərinə səfərinə dair video nümayiş etdirib. Tədbir Bakı Bələdiyyə Teatrının aktyorları tərəfindən yazıçının "Ana tarla" povesti əsasında tamaşadan səhnələrin nümayişi ilə başa çatıb. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur. Tədbir çərçivəsində TÜRKPA Çingiz Aytmatovun həyat və yaradıcılığına həsr edilmiş fotosərgi təşkil edib. İştirakçılar həmçinin Çingiz Aytmatovun Azərbaycan dilinə tərcümə edilmiş əsərləri ilə tanış olublar.