TÜRKPA 3-cü Beynəlxalq Minatəmizləmə Konfransında iştirak edib
Tarix
Baxış
3
30-31 may 2024-cü il tarixlərində Baş katibin müavini Talqat Aduov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Zəngilan və Bakıda keçirilmiş “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü Beynəlxalq Konfransda iştirak edib.
Tədbirdə dünyanın 75 ölkəsindən 300-dən çox nümayəndə, o cümlədən BMT-nin mənzil-qərargahının rəhbərliyi, beynəlxalq təşkilatların nümayəndələri, rəsmi şəxslər, müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin mütəxəssisləri, eləcə də diplomatik korpusların nümayəndələri iştirak ediblər.
Konfransın məqsədi Azərbaycanda mina problemi barədə dünya ictimaiyyətinin məlumatlandırılması vasitələrinə, humanitar minatəmizləmə üçün beynəlxalq tərəfdaşlığın gücləndirilməsinə, eləcə də minaların və müharibənin digər partlayıcı qalıqlarının ətraf mühitə təsirinin azaldılması məqsədilə maliyyə resurslarının səfərbər edilməsinə dair müzakirələrin aparılmasından ibarət olub.
Zəngilanda təşkil olunmuş konfrans öz işinə mina partlayışı nəticəsində zərər çəkmiş vətəndaş Tamam Cəfərovanın beynəlxalq ictimaiyyətə müraciəti ilə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev salamlama nitqi ilə çıxış edərək, Zəngilanın Ağalı kəndinin bərpa edilmiş və keçmiş məcburi köçkünlərin qayıtdığı ilk yaşayış məskəni olması səbəbindən beynəlxalq konfransın Zəngilanda keçirilməsinin böyük rəmzi məna daşıdığını qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, öz növbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanmış müraciət məktubunu oxuyub. Hikmət Hacıyev mina ilə bağlı ekoloji problemlərin müzakirəsi məqsədilə toplaşan konfrans iştirakçılarına təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzu edib.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov iştirakçıların diqqətini Azərbaycanın üzləşdiyi mina probleminin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq dəstəyin artırılmasının zəruriliyinə yönəldib. O, münbit torpaqların, flora və faunanın, su hövzələrinin mina və digər müharibə qalıqlarının ciddi şəkildə çirklənməsi, minaların mənfi təsirlərinin aradan qaldırılması kimi məsələlərdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
İştirakçılar tərəfindən müzakirələrin aparıldığı panel sessiyalarla davam edən çıxışlarda mina fəaliyyətinin ətraf mühitin bərpası ilə inteqrasiyasının vacibliyi vurğulanıb. Azərbaycanın iqlimə davamlılıq məsələlərinin ümumi minatəmizləmə fəaliyyətinə inteqrasiyası və işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirdiyi qeyd edilib.
Tədbir iştirakçılarına Qarabağda həyata keçirilən minalarla mübarizə, yenidənqurma və bərpa işlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Qonaqlar minatəmizləmə prosesini də izləyib və Azərbaycanın bu sahədə gördüyü işlər barədə məlumatlandırılıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında Zəngilan konfransı çərçivəsində Niyyət Bəyannaməsi imzalanıb.
Mayın 31-də konfransın ikinci günündə “Dayanıqlı ekoloji reabilitasiya üçün milli potensialların yaradılması”, “Təhlükəsiz və yaşil gələcək üçün resursların səfərbərliyi və minatəmizləmə vasitəsilə inklüziv transformasiya” və “Siyasət inteqrasiyası və yaşıl dayanıqlı inkişaf üçün təbliğat” mövzularında 3 panel sessiyası keçirilib.
Konfrans yekun bəyannamənin qəbulu ilə başa çatıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026