TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA 2025-ci il türk dünyasının mədəniyyət paytaxtının açılış mərasimində iştirak edib

TÜRKPA 2025-ci il türk dünyasının mədəniyyət paytaxtının açılış mərasimində iştirak edib

Tarix
Baxış
3
5 aprel 2025-ci il tarixində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkil etdiyi “Aktau – 2025-ci il türk dünyasının mədəniyyət paytaxtı”nın rəsmi açılış mərasimində iştirak edib. Türk dövlətləri arasında mədəni əməkdaşlığın genişləndirilməsi və ortaq dəyərlərin tərənnümü məqsədi daşıyan tədbirdə Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva, Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Türkmənistan Respublikasının mədəniyyət nazirinin müavini Nursahet Sirimov, TÜRKPA Baş katibi Mehmet Süreyya Er, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayimkulova, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Merey Mukajan, Macarıstan Milli Assambleyasının deputatı Peter Hoppal, Manqistau vilayətinin qubernatoru Nurdaulet Kılıbay iştirak ediblər. Açılış mərasimində Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva, TÜRKSOY-un Baş katibi Sultan Rayev və Manqistau vilayətinin qubernatoru Nurdaulet Kılıbay çıxış ediblər. İştirakçıları təbrik edərək, Aida Balayeva qarşıdan gələn ilin türk mədəniyyəti ruhunun dərin təcrübəsinə imkan verəcək müxtəlif fəaliyyətlər vəd etdiyini qeyd edib və Prezident Kasım-Jomart Tokayevin müraciətini diqqətə çatdırıb. Prezident müraciətində Aktau şəhərinin “2025-ci il türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin təkcə Qazaxıstan üçün deyil, bütün qardaş türk dövlətləri üçün mühüm hadisə olduğunu qeyd edib. Cənab Rayev Aktaunun “2025-ci il türk dünyasının mədəniyyət paytaxtı” adlandırılması qərarının təsadüf olmadığını qeyd edib: “Bu il Aktau türk mədəniyyətinin əsl mərkəzinə çevriləcək, burada qardaş xalqlarımız mədəni və ədəbi əlaqələri gücləndirəcək, ənənələr mübadiləsi aparacaq, qarşılıqlı anlaşmanı dərinləşdirəcəkdir”. Manqistau vilayətinin qubernatoru Nurdaulet Kılıbay sakinləri və qonaqları təbrik edərək, hər kəsi əfsanələr və müdriklər, müqəddəslər və döyüşçülər diyarı olan Manqistau bölgəsini ziyarət etməyə dəvət edib. Açılış mərasimində təşkil olunan bayram tədbirlərində türk xalqlarının ortaq irsini işıqlandıran xoreoqrafik tamaşalar təqdim olunub. Minilliklərə söykənən köçəri sivilizasiya, əcdadların irsi, mənəvi davamlılıq - bütün bunlar səhnədə yeni versiyada canlandırılıb. Tədbirdə həmçinin türk xalqlarının əl işləri və türk yurtaları nümayiş etdirilib. Tədbir qonaqların şərəfinə rəsmi şam yeməyi ilə yekunlaşıb. Tədbirdə Baş katib Mehmet Süreyya Eri Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibi vəzifəsini icra edən Aygerim Taalaybekova və TÜRKPA Katibliyinin əməkdaşı Suzanna Kazımova müşayiət ediblər.