TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Türkiyə parlamenti TÜRKPA üzv parlamentlərinin Müdafiə komitələri sədrlərinin 1-ci iclasına evsahibliyi edib

Türkiyə parlamenti TÜRKPA üzv parlamentlərinin Müdafiə komitələri sədrlərinin 1-ci iclasına evsahibliyi edib

Tarix
Baxış
3
22-24 may 2024-cü il tarixlərində Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) evsahibliyində TÜRKPA üzv parlamentlərinin Müdafiə komitələri sədrlərinin 1-ci iclası keçirilib. TBMM-nin TÜRKPA-ya sədrliyi çərçivəsində keçirilən iclasın mövzusu “TÜRKPA üzv dövlətləri arasında müdafiə və təhlükəsizlik arxitekturası” olub. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikası parlamentlərinin Müdafiə komitələrinin sədr və sədr müavinləri, həmçinin TÜRKPA-nın Baş katibi, TBMM-nin TÜRKPA-dakı nümayəndə heyətinin üzvləri, digər millət vəkilləri və rəsmilər iştirak ediblər. Açılış mərasimində TÜRKPA-nın fəaliyyətdə olan sədri, TBMM-nin sədri Numan Kurtulmuş, TBMM-nin Milli müdafiə komitəsinin sədri Hulusi Akar və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan videokonfrans vasitəsilə çıxış ediblər. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Darxan Kıdırali, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq əlaqələr, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Süleymanov, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədr müavini Kozimjon Tojiev, ŞKTR-nin Assambleyasının Hüquq, siyasi məsələlər və xarici əlaqələr komitəsinin sədri Yasemin Öztürk və TÜRKPA Baş katibi Mehmet Süreyya Er çıxış ediblər. “Türk dünyası gələcək çoxqütblü dünyanın mühüm aktorlarından biri olacaqdır. Açıq şəkildə qeyd etmək istərdik ki, türk dünyası arasında birlik, uyğunluq və ortaq gələcəyə doğru yürüş dünya sülhü üçün təhlükə deyil, əksinə, dünya sülhünü təmin etmək üçün bir fürsət və imkandır”, – deyə parlament sədri Numan Kurtulmuş bildirib. TBMM Milli müdafiə komitəsinin sədri Hulusi Akar müdafiə və təhlükəsizlik məsələlərinin strateji əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayaraq, davamlı əməkdaşlıq və məlumatlılığın zəruriliyini vurğulayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxışında türk dünyasında milli təhlükəsizliyə vahid yanaşmanın təşviq edilməsində parlamentin fəaliyyətinin əhəmiyyətini qeyd edib. İştirakçılar öz çıxışlarında TÜRKPA çərçivəsində ixtisaslaşmış komitələr arasında qabaqcıl təcrübə mübadiləsini və qanunvericilik sahəsində əməkdaşlığı asanlaşdıran görüşlərin əhəmiyyətini vurğulayıblar. Baş katib Mehmet Süreyya Er öz çıxışında TÜRKPA türk dövlətlərinin parlament əməkdaşlığının platforması olaraq türk dövlətlərinin müdafiə və təhlükəsizlik arxitekturasına töhfə vermək üçün lazımi infrastruktura malik olduğunu qeyd edib. O, belə görüşlərin parlamentlərin müdafiə və təhlükəsizlik komitələri arasında birbaşa qarşılıqlı fəaliyyəti üçün səmərəli mexanizm təqdim etdiyini vurğulayıb. 23 may 2024-cü il tarixində nümayəndə heyəti Türkiyə Respublikasının Rəyasət Heyətinin Müdafiə Sənayesi Katibliyini ziyarət etmək imkanı əldə edib və burada bu qurumun fəaliyyəti barədə məlumatlandırılıb. Növbəti gün nümayəndə heyəti Ankara şəhərində Türk Aerokosmik Sənayesi (TAS) və ASELSAN şirkətlərini ziyarət edib. Nümayəndə heyəti TAS-ın istehsal xətti ilə tanış olub və şirkətin gördüyü işlər barədə məlumatlandırılıb. Sonra onlar ASELSAN-ın Akyurt şəhərciyində olub, burada şirkətin fəaliyyəti və məhsullarına dair brifinqdə iştirak ediblər. 24 may 2024-cü il tarixində nümayəndə heyəti İstanbulda Özdemir Bayraktar Milli Texnologiya Mərkəzini ziyarət edib. Tədbir çərçivəsində sosial proqram da təşkil olunub. Proqram, “Diriliş Ertuğrul” və “Kuruluş Osman” kimi türk dünyasında geniş tamaşaçı kütləsi qazanan bir çox əhəmiyyətli serialın çəkildiyi Bozdağ Film Yaylaqlarına ziyarətlə yekunlaşıb.