TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Türkiyə Böyük Millət Məclisinin sədri TÜRKPA Baş katibini qəbul edib

Türkiyə Böyük Millət Məclisinin sədri TÜRKPA Baş katibini qəbul edib

Tarix
Baxış
3
17 noyabr 2025-ci il tarixində, ATƏT Parlament Assambleyasının 23-cü payız sessiyası çərçivəsində, Türkiyə Böyük Millət Məclisinin sədri, Prof. Dr. Numan Kurtulmuş, TÜRKPA Baş katibi səfir Ramil Həsəni qəbul edib. Baş katib son bir ay ərzində həyata keçirilən fəaliyyət, üzv ölkələrin parlament sədrləri və xarici işlər nazirləri ilə keçirdiyi ikitərəfli görüşlər haqqında məlumat verib. O, həmçinin 30 noyabr 2025-ci il tarixində Qırğız Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərinin müşahidəsinə hazırlıqlar haqqında sədri məlumatlandırıb. Baş katib əlavə edib ki, Bişkek və Oş şəhərlərində seçki prosesini izləyəcək TÜRKPA-nın bütün üzv ölkələrinin parlamentariləri, TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələrini, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası artıq formalaşdırılıb. Baş katib, həmçinin sədrə TÜRKPA-nın koordinatorluğunda və Türkiyənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri cənab Selami Altınokun evsahibliyində ilk dəfə keçirilmiş milli nümayəndə heyətləri rəhbərlərinin və üzvlərinin koordinasiya görüşünün nəticələri barədə məlumat verib. Baş katib sədrə görüş haqqında ətraflı məlumat verməklə, bu koordinasiya iclasının gələcəkdə bütün beynəlxalq parlament təşkilatlarında qardaş ölkələrin nümayəndə heyətlərinin birgə fəaliyyət mexanizminin və ortaq maraqların qorunması istiqamətdə atılacaq addımlarla bağlı ortaq yol xəritəsinin hazırlanıb ərsəyə gətirilməsində böyük töhfə verəcəyini vurğulayıb. Həmçinin Baş katib bildirib ki, TÜRKPA Beynəlxalq Katibliyi öz iş planı üzərində çalışmaqdadır və yaxın zamanda tərəf ölkələrin parlament sədrlərinə bununla bağlı ətraflı məlumat göndəriləcəkdir. Eyni zamanda Baş katib Qazaxıstanın evsahibliyi və fəaliyyətdə olan sədrliyi çərçivəsində 2026-cı ilin fevral və mart aylarında üzv ölkələrin Xarici əlaqələr və Müdafiə komitələrinin ortaq iclaslarının keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. O, eyni zamanda TÜRKPA-nın daimi komissiyalarının fəaliyyətinin mütəmadi olaraq davam etdiriləcəyini də bildirib. Baş katib Türk Dövlətləri Təşkilatının koordinatorluğunda dövlət başçıları tərəfindən qəbul olunmuş ortaq qərara uyğun olaraq Türk əməkdaşlıq qurumlarının ortaq koordinasiya görüşünün yanvar ayının sonunda keçiriləcəyini və bununla bağlı hazırlıqların getdiyini sədrin diqqətinə çatdırıb. O, eyni zamanda Vyana şəhərində keçiriləcək Türk Həftəsində TÜRKPA-nın fəal iştirak edəcəyini və töhfə verəcəyini bildirib. Baş katib beynəlxalq parlament diplomatiyasının bölgədə və dünyada cərəyan edən konfliktlər və bir çox münaqişələrin həllində müsbət rolu olduğunu və xalqlar arasındakı münasibətlərin istiləşməsində xüsusi xidmət göstərdiyini nəzərə alaraq gələn il bu istiqamətdə bir beynəlxalq konfransın və digər müxtəlif layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. O, həmçinin xarici işlər nazirlikləri ilə sıx əlaqədə çalışaraq türk dövlətlərinin xarici siyasətinə uyğun olaraq atılacaq addımlar və gələcəkdə həyata keçiriləcək digər planlarla bağlı geniş məlumat verib. Baş katib Türkiyənin xarici işlər naziri cənab Hakan Fidanın təşəbbüsü ilə, TÜRKPA-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmək məqsədilə TDT+ modeli əsasında TÜRKPA+ formatının yaradılması imkanlarını müzakirə etdiyini qeyd edib. Baş katib TÜRKPA üzv ölkələrinin parlament sədrlərinin qeyri-rəsmi görüşünün PAİ-nin 152-ci Assambleyası çərçivəsində İstanbulda gələn ilin aprel ayında keçirilməsinin nəzərdə tutulduğunu da bildirib. Baş katib, həmçinin yaxın gələcəkdə Özbəkistana səfəri ilə bağlı hazırlıqların davam etdiyini və onun TÜRKPA-nın tamhüquqlu üzvü olmaq istiqamətində irəlilədiyini qeyd edib. Prof. Dr. Numan Kurtulmuş cənab Ramil Həsənə uğurlu fəaliyyətlərinə görə təşəkkür edib və qısa müddət keçməsinə baxmayaraq atılan addımlardan məmnuniyyət duyduğunu ifadə edib. O, bu istiqamətdə Türkiyə Parlamentinin qurucu üzv olaraq bundan sonra da Türk Dövlətləri Parlament Assambleyasına və onun Beynəlxalq Katibliyinə hərtərəfli dəstəyini davam etdirəcəyini vurğulayıb. Baş katib, öz növbəsində Türkiyə Parlamentinin davamlı dəstəyinə və TÜRKPA-nın gücləndirilməsində oynadığı müstəsna roluna görə dərin təşəkkürünü bildirib. Görüşdə Baş katibi onun müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalibova müşayiət edib.