TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Səmərqənddə İslam dünyasının mədəniyyət paytaxtının açılış mərasimi keçirilib

Səmərqənddə İslam dünyasının mədəniyyət paytaxtının açılış mərasimi keçirilib

Tarix
Baxış
3
26-27 may 2025-ci il tarixlərində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti “İslam dünyasının mənəvi irsi və mədəni ifadələri: Xəttatlıq, musiqi, poeziya və həmrəylik” mövzusunda beynəlxalq forumda, həmçinin “Səmərqənd – 2025-ci il İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edib. Tədbirlər Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilib. Tədbirlər türk sivilizasiyasının qədim paytaxtlarından biri olan Səmərqənddə İslam dünyasının bir çox mədəniyyət nazirləri və nazir müavinlərinin, səfirlərin, diplomatik korpusların, müvafiq beynəlxalq və türk əməkdaşlıq təşkilatlarının nümayəndələrinin, eləcə də digər nüfuzlu şəxslərin iştirakı ilə baş tutub. Forumun açılış mərasimində Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov, Səmərqənd vilayətinin qubernatoru Adiz Boboyev və ICESCO-nun baş direktoru Salim Əl-Malik çıxış ediblər. Daha sonra cənab Əl-Malik təntənəli şəkildə cənab Nazarbekov və cənab Boboyevə “2025-ci il İslam dünyasının mədəniyyət paytaxtı”nın bayrağı da daxil olmaqla atributlarını təqdim edib. Tədbir nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları ilə davam edib. Tədbirdə, həmçinin TÜRKPA Baş katibi Mehmet Süreyya Er də nitq söyləyib. Öz çıxışında Baş katib türk xalqlarının İslam dünyasının intellektual və mədəni irsinə verdiyi töhfələri, o cümlədən TÜRKPA ilə Özbəkistan arasında möhkəm əlaqələri vurğulayaraq, Özbəkistanla əməkdaşlığın Assambleyanın fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, yaxın gələcəkdə Özbəkistan parlamentinin Assambleyanın tamhüquqlu üzvü olacağına inamını ifadə edib. Tədbirlər zamanı nümayəndə heyətləri Səmərqənd şəhərinin tarixi, adət-ənənələri, mədəni irsi ilə tanış olublar. Onlar, həmçinin şəhərin əsas tarixi abidələri, o cümlədən dövrünün ən qabaqcıl və dəqiq abidələrindən biri olan Uluqbəy Rəsədxanasını – Quri Əmir məqbərəsini, Şahi Zinda kompleksini, Bibi-xanım kompleksini, Registan meydanını və Əbədi Şəhəri ziyarət ediblər. Tədbir Səmərqənd və İslam dünyasının bədii ruhunu və mədəni canlılığını əks etdirən teatrlaşdırılmış konsert proqramı ilə yekunlaşıb. Tədbirdə Baş katib Mehmet Süreyya Eri Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibi vəzifəsini icra edən Aygerim Taalaybekova və TÜRKPA Katibliyinin əməkdaşı Emin Salmanov müşayiət ediblər. Dəfələrlə “Şərqin Roması” adlandırılan Səmərqənd əsrlər boyu türk-islam sivilizasiyasının ən mühüm mərkəzlərindən biri olub. Şəhər təkcə tarix və mədəniyyət abidələri ilə deyil, həm də tarixin müxtəlif dövrlərində bir neçə türk dövlətinin paytaxtı seçilib.