Parlamentlərin baş katiblərinin Bakı görüşü baş tutub
Tarix
Baxış
3
2024-cü il iyunun 6-da Azərbaycan Respublikasının Milli Məclisi TÜRKPA-nın 13-cü Plenar iclası çərçivəsində parlamentlərin baş katiblərinin Bakı görüşünə ev sahibliyi edib.
Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbəri Fərid Hacıyev, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Aparat rəhbəri Renat Aytayev, Qırğız Respublikası Joqorku Keneşinin Aparat rəhbəri Alaybek Alımbayev, Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun, Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Kudrat Nurullayev (onlayn formatda), həmçinin üzv parlamentlərin, Macarıstan Milli Assambleyasının və TÜRKPA Katibliyinin nümayəndələri görüşdə iştirak ediblər.
Qonaqları salamlayan Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbəri Fərid Hacıyev TÜRKPA-nın 13-cü Plenar İclasının yeni reallıqların yaratdığı tarixi bir dövrə təsadüf etdiyini bildirib. Milli Məclisin Aparat rəhbəri TÜRKPA-nın həm üzv və tərəfdaş dövlətlərdə, həm də onların hüdudlarından kənarda böyük nüfuza malik olduğunu qeyd edib. "Təşkilat dünyanın ən mötəbər beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlıq çərçivəsində qlobal parlament dialoqunu təşviq edir, parlament diplomatiyasının inkişafında mühüm rol oynayır. TÜRKPA nəinki türk dünyasında, həm də müasir beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaqdadır", - deyə cənab Hacıyev əlavə edib.
İştirakçılar TÜRKPA-nın 13-cü Plenar iclasının mövzusuna dair fikir mübadiləsi apararaq, yaşıl gündəliyin həyata keçirilməsində parlament diplomatiyası və əməkdaşlığının imkanlarından fəal istifadə edilməsinin əhəmiyyətinə toxunublar. Onlar parlamentlərin aparatları arasında əməkdaşlığı, xüsusən parlamentlərarası təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, birgə tədbirlərin təşkili və mətbuat xidmətlərinin qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
Tədbir ümumi maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi ilə davam etdirilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026