TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Parisdə “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümünə həsr edilmiş beynəlxalq konfrans baş tutub

Parisdə “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümünə həsr edilmiş beynəlxalq konfrans baş tutub

Tarix
Baxış
3
2024-cü il dekabrın 13-də Baş katib Mehmet Süreyya Erin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Türk Mədəniyyəti və İrsi Fondunun Paris şəhərində UNESCO-nun qərargahında təşkil etdiyi “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfransda iştirak edib. Konfransa türk dövlətlərinin UNESCO milli komissiyalarının, türk dövlətlərinin UNESCO-da daimi nümayəndə heyətlərinin rəhbər və nümayəndələri, səfirlər, türkologiya, dilçilik və etnoqrafiya sahəsində görkəmli alimlər qatılıblar. Baş katib Mehmet Süreyya Er konfransın açılış mərasimində çıxış edib. “Divanü Lüğat-it-Türk”ün qlobal miqyasda tarixi, mədəni və linqvistik əhəmiyyətini vurğulayan Baş katib XI əsrin böyük alimi Mahmud Kaşğarinin bu monumental əsər vasitəsilə dəyərli məlumatları sənədləşdirməklə bu məlumatların nəsillər boyu saxlanılmasını təmin edərək, min ildən çox müddət əvvəlki türk cəmiyyətlərinin həyatına və mənəviyyatına nəzər salmaq imkanı verdiyini qeyd edib. O, “Divanü Lüğat-it-Türk”ün mədəniyyətlər arasında körpülər qurmaq məqsədinə toxunub və bu baxımdan onun orta əsr İslam sivilizasiyasının elm və təhsil dili olan ərəbcə yazıldığından, Divanın İslam dünyasının elmi ictimaiyyətinə əlçatan olduğunu, türk və ərəb-islam sivilizasiyaları arasında mədəni mübadilə və qarşılıqlı hörməti təşviq edərək hər iki mədəniyyəti zənginləşdirdiyini bildirib. "Əli Əmiri Əfəndi tərəfindən “Divanü Lüğat-it-Türk”ün əlyazmasının təsadüfən yenidən tapılması və nəşr edilməsi türkologiya üçün mühüm dönüş nöqtəsi oldu. XX əsrin əvvəlində “Divanü Lüğat-it-Türk”ün nəşri onun daha da öyrənilməsi və yayılması üçün zəmin yaratdı. Fürsətdən istifadə edərək, Əli Əmiri Əfəndinin və bu qiymətli əsərin tərcüməsinə və yayılmasına töhfə verərək, onu geniş oxucu kütləsinə çatdıran digər alimlərin xatirəsinə bir daha ehtiramımı ifadə etməkdən şərəf duyuram", - deyə Baş katib bildirib. "Bu gün Mahmud Kaşğarinin məşhur şah əsəri bizim üçün qürur və ilham mənbəyi olaraq qalır. Bu ümumbəşəri irs bizə türk xalqlarının dünya sivilizasiyasına verdiyi böyük töhfələri xatırladan ortaq irsimizin rəmzidir", - deyə o əlavə edib. Baş katib Türk Mədəniyyəti və İrsi Fondunun səylərini vurğulayıb və konfransın təşkilinə, Avropanın qəlbində belə bir auditoriyanı bir araya gətirdiyinə görə minnətdarlığını ifadə edib. Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin moderatorluq etdiyi açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, UNESCO Baş direktorunun Prioritet Afrika və xarici əlaqələr üzrə köməkçisi Firmin Eduard Matoko, Azərbaycan Respublikası UNESCO Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev, Qazaxıstan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Askar Abdraxmanov, Qırğız Respublikası UNESCO Milli Komissiyasının Baş katibi Sabira Soltongeldiyeva, UNESCO Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Özbəkistan Respublikası UNESCO Milli Komissiyasının Baş katibinin müavini Elmurod Najimov və Türkmənistanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşı çıxış ediblər. Açılış mərasimindən sonra “Divanü Lüğat-it-Türk” intellektual tarixin tərcümələrində və proqramlarında” və “Leksikoqrafiya cəmiyyətlər və nəsillər arasında körpü kimi: mətnin tədqiqi və təhlili” mövzularında iki elmi sessiya baş tutub. Həmçinin konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində hazırlanmış “Divanü Lüğat-it-Türk”ün rus dilinə tərcüməsinin təqdimatı və 86 il sonra Azərbaycan Milli Elmlər Akademiyasında tapılmış və Xalid Səid Xocayevə məxsus olan latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmış ilk əlyazmanın nəşrinin təqdimatı keçirilib. Konfrans zamanı komissiya katibi Nazgül Joldoşova və Katibliyin əməkdaşı Azər Məmmədov Baş katib Mehmet Süreyya Eri müşayiət ediblər. Mahmud Kaşğarinin müəllifi olduğu “Divanü Lüğat-it-Türk” türk dillərinin məlum ən qədim və əhatəli lüğəti olmaqla, dünyada mühüm tədqiqat obyekti və orta əsr tarixi, mədəniyyəti, etnoqrafiyası və dilçiliyi üçün əsas mənbələrdən biri kimi xidmət edir. O, minlərlə söz və ifadələr ilə yanaşı, onların ərəbcə mənalarını qoruyaraq, türk dillərinin zənginliyini nümayiş etdirir və öz tarixi dövrünün cəmiyyətlərinin həyat tərzi, dünyagörüşü, adətləri, inancları, dəyərləri və mədəni mübadilələrinə işıq tutur. “Divanü Lüğat-it-Türk” türk dünyasının şifahi və ədəbi irsinin öyrənilməsində, türk dillərinin təkamülünü və yayılmasını izləmək üçün müqayisəli dilçilikdə mühüm roy oynayıb.