KKTC Xarici İşlər Naziri TÜRKPA Baş katibini qəbul edib
Tarix
Baxış
3
20 noyabr 2025-ci il tarixində Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) Xarici İşlər Naziri cənab Tahsin Ertuğruloğlu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Cənab Ramil Həsən səfərləri çərçivəsində TÜRKPA-ya üzv dövlətlərin Xarici İşlər Nazirləri və Parlament sədrləri ilə səmərəli görüşlər keçirdiyini və həmin görüşlərdə gələcəkdə KKTC-yə müvafiq dəstəyin göstərilməsi barədə fikir mübadiləsinin aparıldığını vurğulamış, KKTC-nin Assambleyanın mühüm tədbirlərində fəal iştirakının dəstəklənəcəyini diqqətə çatdımışdır.
Cənab Həsən, TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas təşəbbüsləri Nazirin diqqətinə çatdıraraq, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının rəhbərliyi ilə Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə KKTC-yə göstərilən yüksək səviyyəli dəstəyi xüsusi qeyd edib, Assambleyanın səlahiyyətləri çərçivəsində KKTC-nin gələcək fəaliyyətlərinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Baş katib, TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Yerlan Koşanovun rəhbərliyi ilə Assambleyanın 2026-cı il üçün mühüm və strateji əhəmiyyətli təşəbbüsləri hazırladığını və bu təşəbbüslərdə KKTC nümayəndələrinin fəal iştirakının önəmli rol oynadığını xüsusi olaraq qeyd edib.
Öz növbəsində, cənab Nazir Ertuğruloğlu KKTC ilə Türk dünyası arasındakı əlaqələrin hər sahədə inkişafını və möhkəmlənməsini hədəflədiklərini bildirərək qarşılıqlı əlaqələrin əhəmiyyətinə diqqət çəkib və bu çərçivədə KKTC-nin görünürlüyünün artırılmasına göstərdikləri dəstəyə görə TÜRKPA nümayəndə heyətinə təşəkkürünü ifadə edib.
Görüş zamanı tərəflər gələcək əməkdaşlıq istiqamətləri və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıblar.
Görüşdə Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, eləcə də Beynəlxalq Katibliyin əməkdaşı Ələsgər Ağayev iştirak ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026