İstanbulda TÜRKPA-nın “Yerli hakimiyyət orqanları və transsərhəd əməkdaşlıq” mövzusunda seminarı keçirilib
Tarix
Baxış
3
4 dekabr 2025-ci il tarixində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) İstanbul şəhərində “Yerli hakimiyyət orqanları və transsərhəd əməkdaşlıq” mövzusunda seminar təşkil edib. Tədbir TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası ilə Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) birgə təşkilatçılığı ilə keçirilib.
Komissiyanın 2026-cı il üçün fəaliyyət planı çərçivəsində keçirilən seminar TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman moderatorluğu və hüquq məsələləri üzrə mütəxəssis Azər Məmmədovun dəstəyi ilə baş tutub. Tədbir TDBB-nin Baş katibi Fahri Solakın ev sahibliyində keçirilib.
Tədbirdə Azərbaycanın, Qırğızıstanın, Türkiyənin, Özbəkistanın və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin parlamentariləri, bələdiyyə və ictimai birliklərin sədrləri, parlamentlərin qanunvericilik üzrə ekspertləri, alimlər geniş tərkibdə iştirak ediblər. Seminar zamanı təqdimat və müzakirələr yerli özünüidarəetmə orqanlarının imkanlarının gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, regional inteqrasiyanın və dayanıqlı inkişafın dərinləşdirilməsi məsələlərini əhatə edib.
Seminarda yerli özünüidarəetmə orqanlarının türk dövlətlərində regional əməkdaşlığın aktoru kimi rolu vurğulanıb. Bu kontekstdə yerli özünüidarəetmə orqanlarının nümayəndələri və parlament ekspertləri ümumi problemlərin həlli üçün transsərhəd əməkdaşlığın praktiki icra mexanizmlərini müzakirə edib və əməkdaşlığa qarşı mövcud maneələri nəzərdən keçiriblər. Bundan başqa, əməkdaşlıq üçün davamlı zəminin yaradılmasına yönəlmiş siyasət ilə bağlı konkret təkliflər üzrə qiymətləndirmələr aparılıb.
Seminar ailə fotosundan sonra iştirakçılara TÜRKPA və TDBB tərəfindən hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.
Bu seminarın nəticələri TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası tərəfindən hazırlanacaq “TÜRKPA üzv dövlətləri arasında regional əməkdaşlığın gücləndirilməsində yerli hakimiyyət orqanlarının rolu” mövzusunda rəsmi hesabatın əsasını təşkil edəcəkdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026