Fəaliyyətdə olan sədr Baş katibi qəbul edib
Tarix
Baxış
4
17 oktyabr 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA-nın Fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Yerlan Koşanov TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Cənab Koşanov cənab Həsəni TÜRKPA Baş katibi vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun peşəkar təcrübəsini və Türk əməkdaşlığının inkişafına verdiyi dəyərli töhfələrini yüksək qiymətləndirib.
Məclis Sədri Qazaxıstanın Türk dövlətləri arasında həmrəyliyin və daha dərin əməkdaşlığın təşviqinə sadiqliyini vurğulayaraq, parlamentlərin Türk dünyasının birliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.
TÜRKPA-nın Fəaliyyətdə olan sədri qismində cənab Yerlan Koşanov Assambleyanın gələcək fəaliyyəti üçün bir sıra istiqamətləri diqqətə çatdırıb. Bunlara təşkilatın əsas hüquqi sənədlərinin təkmilləşdirilməsi, Astana şəhərində komitə iclaslarının təşkili, eləcə də Azərbaycanda keçiriləcək Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş tədbirlər daxildir.
Baş katib səfir Ramil Həsən TÜRKPA-nın fəaliyyət gündəminin daha da inkişaf etdirilməsi ilə bağlı təkliflərini bölüşüb. O, Asambleyanın fəaliyyətinin sürətləndirilməsi məqsədilə Türk dövlətləri parlamentlərinin sədrlərinin hər il keçiriləcək qeyri-rəsmi görüşlərinin təşkilini, Qazaxıstanın sədrliyi dövründə bu ölkədə səhiyyə, müdafiə və xarici əlaqələr məsələləri ilə məşğul olan komitələrin iclaslarının keçirilməsini, üzv dövlətlərin Xarici İşlər Nazirlikləri və parlamentləri arasında yeni əməkdaşlıq mexanizminin yaradılmasını, həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) ilə TÜRKPA arasında yeni əməkdaşlıq formatının formalaşdırılmasının vacibliyini qeyd edib. O, həmçinin üzv ölkələrin ortaq maraqlarının müxtəlif parlamentlərarası platformalarda əlaqələndirilmiş şəkildə müdafiə olunmasının əhəmiyyətini vurğulayıb.
Cənab Koşanov Baş katib tərəfindən irəli sürülən təklifləri məmnunluqla qarşılayıb və bununla bağlı tam dəstəyini ifadə edib.
Görüş zamanı tərəflər cari ilin 7 oktyabr tarixində Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün nəticələri barədə də fikir mübadiləsi aparıblar. Məclis Sədri Zirvədə dövlət başçılarının müzakirələrinin Türk xalqları arasında qarşılıqlı anlaşmanın yüksək səviyyəsini bir daha nümayiş etdirdiyini və regional sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsi üçün yeni prioritetlər müəyyənləşdirdiyini qeyd edib.
Baş katib, həmçinin yaxın zamanda Özbəkistan və Türkmənistanı TÜRKPA ailəsində salamlamaq ümidini səmimi şəkildə ifadə edib.
Tərəflər qarşılıqlı əməkdaşlığın yeni mərhələsində konstruktiv fəaliyyəti davam etdirməyə hazır olduqlarını bir daha təsdiq ediblər.
Baş katibi görüşdə onun müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, eləcə də Komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026