TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Cenevrədə Türk həftəsi keçirilib

Cenevrədə Türk həftəsi keçirilib

Tarix
Baxış
3
22-25 aprel 2024-cü il tarixlərində Cenevrədə Türk Dövlətləri Təşkilatı (TDT), TÜRKPA, TÜRKSOY, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın Cenevrədəki BMT Ofisi yanında Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə BMT-nin Cenevrədəki Ofisi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Cenevrə Musiqi Konservatoriyasının evsahibliyində "Türk Həftəsi" keçirilib. Tədbirdə TÜRKPA-nı Baş katibin müavini vəzifəsini icra edən Sakı Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Dörd günlük proqram ortaq türk irsinin təbliğinə və türk əməkdaşlığının gələcək trayektoriyasının işıqlandırılmasına, o cümlədən türk əməkdaşlıq təşkilatlarının regionda mədəni müxtəlifliyin, qarşılıqlı hörmət və anlaşmanın təşviqinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün verdiyi töhfələrə həsr olunub. Tədbirdə türk əməkdaşlıq təşkilatlarının, beynəlxalq təşkilatların, türk dövlətlərinin Cenevrədəki BMT Ofisi yanında Daimi Nümayəndəliklərinin rəhbərləri və nümayəndələri, türk dövlətlərinin parlamentariləri, hökumət rəsmiləri, elm xadimləri, vətəndaş cəmiyyəti təşkilatlarının və özəl sektorun nümayəndələri iştirak ediblər. Türk Həftəsi aprelin 22-də TÜRKSOY və Türk Akademiyasının kuratorluğu ilə keçirilən Türk Dünyası Sərgisinin təntənəli açılış mərasimi ilə başlayıb. Açılış mərasimində BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayimkulova, Azərbaycanın Cenevrədəki BMT Ofisi yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Qalib İsrafilov, Qazaxıstanın Cenevrədəki BMT Ofisi yanında Daimi Nümayəndəliyinin rəhbəri səfir Yerlan Alimbayev, Qırğızıstanın Cenevrədəki BMT Ofisi yanında Daimi Nümayəndəliyinin rəhbəri səfir Ömər Sultanov, Türkiyənin Cenevrədəki BMT Ofisi yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Güven Begeç, Türkiyənin Ümumdünya Ticarət Təşkilatı yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Alpaslan Acarsoy, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Cenevrədəki Ofisi yanında Nümayəndəliyinin rəhbəri səfir Hakan Kıvanç, Türkiyənin Cenevrədəki baş konsulu İpək Zeytinoğlu Özkan, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Anar Məmmədov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Osman Mesten, Harun Özgür Yıldızlı, Ömər Faruk Gergerlioğlu və Filiz Kılıç, beynəlxalq təşkilatların, eləcə də Cenevrədəki Türkiyə icmasının nümayəndələri iştirak ediblər. Sərgidə türk dünyasının zəngin mədəni irsi, o cümlədən mədəniyyət nümunələri, rəsm əsərləri, əl işləri, milli geyimlər, milli mətbəx nümunələri nümayiş etdirilib. Həmin gün “TDT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında yeni aktor kimi” mövzusunda keçirilən konfransda qlobal çağırışların həllində və dayanıqlı inkişafın təşviqində türk əməkdaşlığının rolu müzakirə olunub. Tədbirin ikinci günü Millətlər Sarayında “İrsdə birlik, fəaliyyətdə irəli: türk əməkdaşlıq təşkilatları” mövzusunda türk əməkdaşlıq təşkilatlarının birgə konfransı keçirilib. Qırğız Respublikasının Cenevrədəki BMT Ofisi yanında Daimi Nümayəndəliyinin rəhbəri səfir Ömər Sultanovun moderatorluğu ilə keçirilən konfransda türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və nümayəndələri çıxış ediblər. TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman Baş katib Mehmet Süreyya Erin müraciətini oxuyub. Baş katib müraciətində “Türk Həftəsi” tədbirinin türk əməkdaşlığının qlobal miqyasda daha da genişlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib. Tədbirin proqramına TÜRKSOY sənətçilərinin rəngarəng çıxışlarından ibarət qala-konsert daxil edilib. Cenevrədə keçirilən "Türk Həftəsi" aprelin 25-də tanınmış qazax bəstəkarı və pianoçusu Raxat-Bi Abdıssaginin ifasında konsert proqramı ilə yekunlaşıb.