Baş katib Türk Mədəniyyəti və İrsi Fondunda təşkil edilmiş kitab təqdimatında iştirak edib
Tarix
Baxış
3
9 dekabr 2024-cü il tarixində Baş katib Mehmet Süreyya Er görkəmli qırğız yazıçısı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayevin müəllifi olduğu “Daşqın” kitabının təqdimat mərasimində iştirak edib. Təqdimat mərasimi Bakıda Türk Mədəniyyəti və İrsi Fondunda keçirilib.
Tədbirdə dövlət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun və akademik dairələrin nümayəndələri, mədəniyyət və ictimai xadimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Daşqın” kitabının Fondun təqdim edilən sayca 17-ci nəşr olduğunu qeyd edib. O, Fondun həm maddi, həm də qeyri-maddi mədəniyyətə yönəlmiş təşəbbüslər vasitəsilə türk irsinin qorunub saxlanılması istiqamətində səylərini vurğulayıb. Bu məqsədlə, Fond “Türk dünyasının böyük şəxsiyyətləri”, “Türk dünyasının ədəbi xəzinələri”, “Türk dünyasının elmi inciləri” adlı üç kitab nüsxəsi nəşr edib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Maksat Mamıtkanov, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev çıxış edərək, Sultan Rayevin Nuh daşqınını müasir kontekstdə yenidən təsvir edən, cəmiyyətin internetə çıxışını simvollaşdıran və süni intellektin problemlərini araşdıran “Daşqın” romanı haqda fikirlərini bildiriblər.
Tədbirin sonunda Sultan Rayev kitabın əsas konsepsiyası və onun müasir aktuallığına dair bəzi fikirləri bölüşmək məqsədilə nitq söyləyib. O, həmçinin nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib. Onun çıxışından sonra Bakı Bələdiyyə Teatrının tanınmış aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətova romandan bir parça oxuyaraq tamaşaçıları valeh edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026