Baş katib Bakıda keçirilən COP29-da iştirak edib
Tarix
Baxış
3
11-24 noyabr 2024-cü il tarixlərində Baş Katib Mehmet Süreyya Er Bakı şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edib.
İlk dəfə olaraq 1995-ci ildə keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransı 200-ə yaxın ölkədən 72.000-dən çox iştirakçını bir araya gətirib.
Noyabrın 12-də keçirilən açılış mərasimində dövlət və hökumət başçıları, tərəflərin nümayəndə heyətləri, Azərbaycan Respublikası Hökuməti tərəfindən dəvət olunmuş qonaqlar, Birləşmiş Millətlər Təşkilatının və əlaqədar təşkilatların, həmçinin ixtisaslaşmış qurumların rəhbərləri, parlamentarilər, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Liderlər Sammitinin açılış mərasimində açılış nitqi ilə çıxış ediblər. Tədbirdə, həmçinin iqlim problemlərinin həlli və dayanıqlı inkişaf məqsədlərinin irəliləyişi istiqamətində qlobal əməkdaşlığın aktuallığını vurğulayan digər görkəmli xadimlərin də çıxışları yer alıb.
COP29-da bir sıra yüksək səviyyəli görüşlər, müzakirələr, tədbirlər və interaktiv sessiyalar, o cümlədən ixtisaslaşdırılmış panel və seminarlar təşkil edilib. Bu fəaliyyətlər kritik iqlim problemlərini əhatə edib və davamlı inkişaf və qlobal iqlim məqsədlərinə nail olunması məqsədilə innovativ həlləri araşdırıb. Gənclər forumları iqlimlə bağlı fəaliyyətə töhfə verilməsi və bu istiqamətdə dialoqun təşviq edilməsi və gənc nəslin gücləndirilməsi üçün mühüm rol oynayıb.
Noyabrın 16-17-də COP29 çərçivəsində parlament iclası keçirilib.
Parlamentlərarası İttifaqın (Pİ) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən iki günlük iclas 60-dan çox ölkədən 300-dən çox parlamentariləri və ekspertləri bir araya gətirərək, fövqəladə iqlim probleminin həlli istiqamətində parlamentin fəaliyyətinə dair fikir və təkliflər mübadiləsi aparıb. Parlament iclasında Baş katib Mehmet Süreyya Er də iştirak edib və onu Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova müşayiət edib.
Rəsmi açılış mərasimində TÜRKPA-nın fəaliyyətdə olan Sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Pİ-nin prezidenti Tuliya Ekson və COP29-un prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev salamlama nitqi ilə çıxış ediblər.
İclas sessiyalarında beynəlxalq iqlimə dair qərarların qəbulunda parlamentlərin səsini daha da gücləndirmək üçün iqlim danışıqları aparılıb.
Yekun sənədində parlamentarilər hökumətləri ədalətli və nizamlı şəkildə təmiz, xüsusilə də bərpa olunan enerjiyə keçidin sürətləndirilməsinə və qalıq yanacaqları və səmərəsiz qalıq yanacaq subsidiyalarını mərhələli şəkildə ləğv etməklə təmiz enerji sistemlərinə keçid səylərinə daha çox sərmayə qoymağa çağırmaq üçün razılıq əldə ediblər.
Noyabrın 24-də COP29-un yekun plenar iclası iqlim dəyişikliyi ilə mübarizə istiqamətində qlobal fəaliyyətin irəliləyişinə yönəlmiş mühüm qərarlar və razılaşmalarla yekunlaşıb. Əsas nəticələr digərləri ilə yanaşı, Yeni İqlim Maliyyəsi Çərçivəsinin qəbulu, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, gücləndirilmiş Milli Öhdəliklər, Karbon Bazarı Mexanizmləri üzrə irəliləyiş və beynəlxalq karbon kredit ticarət sistemlərinin tətbiqini əhatə edib.
Sessiya iqlim böhranını effektiv şəkildə həll etmək üçün birgə səylərin və hesabatlılığın aktuallığını vurğulayıb. Bu nəticələr konfransın qlobal miqyasda faydalı iqlim fəaliyyətinə təkan verilməsi öhdəliyini əks etdirir.
UNFCCC 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısının alınması məqsədilə imzalanmış sazişdir. Hazırda, Konvensiyanın 198 Tərəfi mövcuddur. Tərəflər Konfransı (COP) Konvensiyanın icrasına nəzarət edən ən yüksək orqandır və Tərəflər başqa qərar qəbul etmədikdə hər il toplanır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026