TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Baş katib AQEM Nazirlər Şurasının 7-ci iclasında iştirak edib

Baş katib AQEM Nazirlər Şurasının 7-ci iclasında iştirak edib

Tarix
Baxış
3
17 dekabr 2024-cü il tarixində Baş katib Mehmet Süreyya Er Azərbaycanın ev sahibliyində virtual formatda təşkil olunmuş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasında virtual formatda iştirak edib. 2024-2026-cı illər üçün AQEM-də sədrliyin Azərbaycana təhvil verildiyi iclasda xarici işlər nazirləri, dövlət nazirləri, xarici işlər nazirlərinin müavinləri, habelə müşahidəçi dövlətlərin və tərəfdaş beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlib. Görüşdə regional əməkdaşlığın genişləndirilməsinə, sülhün və Asiyada davamlı inkişafın təşviqinə dair məsələlər müzakirə edilib. Açılış nitqi ilə çıxış edən Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Qazaxıstanın AQEM-də 4 illik sədrliyi dövründə əldə olunan əsas nailiyyətləri, institusional islahatları, genişləndirilmiş etimad quruculuğu tədbirlərini, o cümlədən Müdriklər Şurası, Analitik Mərkəzlər Forumu və AQEM Fondu kimi 3 daimi orqanın təsis edilməsini xüsusi olaraq vurğulayıb. İclasda çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 2024-2026-cı illər üçün AQEM-də sədrliyin Azərbaycana həvalə edilməsinə və yekdil dəstəyə görə bütün üzv dövlətlərə təşəkkürünü bildirib. Nazir çoxqütblülüyün gücləndiyi və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir dövrdə Asiya qitəsinin həmin çağırışlara birlik və əməkdaşlıq şəraitində, eyni zamanda ortaq məsuliyyətlə cavab verməli olduğunu qeyd edib. Azərbaycanın AQEM-ə sədrliyi “Daha güclü AQEM – Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusu altında həyata keçiriləcəkdir. O, həmçinin Azərbaycanın sədrliyinin prioritetlərinin AQEM-in transformasiyası və institusional inkişafı, etimad quruculuğu tədbirlərin icrası vasitəsilə sahəvi əməkdaşlığın gücləndirilməsi və AQEM-in digər beynəlxalq və regional təşkilatlarla birgə fəaliyyətinin təşviqi kimi 3 əsas istiqamətlərə yönəldiləcəyini vurğulayıb. Daha sonra AQEM-in Baş katibi Kayrat Sarıbay 2020-2024-cü illər ərzində Qazaxıstanın sədrliyi dövründə keçirilən konfransın nailiyyətlərinə dair hesabat təqdim edib. Tədbirdə nazirlər mühüm regional problemlər və əməkdaşlıq təşəbbüsləri ilə bağlı nitq söyləyiblər. AQEM Nazirlər Şurasının iclasında “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə”nin 25 illiyi ilə bağlı Nazirlər Şurasının Bəyanatı, Etimad quruculuğu tədbirlərinin icrasının modallıqlarına dair Nazirlər Şurasının qərarı, Etimad quruculuğu tədbirlərin kataloqunun yenilənmiş versiyası və AQEM üzv dövlətlərinin Aparıcı Universitetlərinin Tərəfdaşlıq Şəbəkəsinin təsis edilməsinə dair Memorandum layihələri qəbul edilib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə 1992-ci ildə Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin təşviqi istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə çoxmillətli forum kimi yaradılıb. TÜRKPA 2012-ci ildə AQEM-də müşahidəçi statusu əldə edib.