TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Bakı TÜRKPA Qadın Parlamentarilər Qrupunun 3-cü iclasına ev sahibliyi edib

Bakı TÜRKPA Qadın Parlamentarilər Qrupunun 3-cü iclasına ev sahibliyi edib

Tarix
Baxış
3
5 iyun 2024-cü il tarixində Bakıda TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində “Qadınlar – TÜRKPA üzv dövlətlərində iqtisadiyyatın onurğa sütunu, sahibkarlığın hərəkətverici qüvvəsi” mövzusunda Qadın Parlamentarilər Qrupunun 3-cü iclası keçirilib. İclasa qrupun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız sədrlik edib. Tədbir TÜRKPA üzv dövlətlərinin, həmçinin Özbəkistan Respublikasının və Şimali Kipr Türk Respublikasının (ŞKTR) qadın parlamentarilərini bir araya gətirib. İclasda Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Çolpon Sultanbekova, Özbəkistan Respublikasının Ali Məclisi Senatının üzvü Gülnora Marufova, Özbəkistan Respublikasının Ali Məclisi Qanunvericilik Palatasının üzvü Umidaxon Zakirova, ŞKTR Məclisinin üzvü İzlem Gürçağ Altuğra çıxış ediblər. Türk dünyasında qadınların mühüm roluna toxunan iştirakçılar, qadınların milli iqtisadiyyatlara və sosial inkişafa mühüm töhfələrini vurğulayıb. Onlar qadın sahibkarların müsbət artımını və qadınların inklüziv və davamlı inkişaf naminə əmək bazarında fəal iştirakını qeyd ediblər. Qadın parlamentarilər türk dövlətlərində qadınlar üçün bərabər imkanların təmin edilməsi və qadınların bütün sahələrdə, xüsusən də biznesdə səlahiyyətlərinin artırılması istiqamətində həyata keçirilən mühüm tədbirlər barədə fikir mübadiləsi aparıb, yaxşı təcrübələri bölüşüblər. Həmçinin qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və onlar üçün daha əlverişli imkanların yaradılması məqsədilə müvafiq normativ-hüquqi bazanın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. İclasda TÜRKPA-nın ümumi maraq və narahatlıq doğuran məsələlərin müzakirəsi üçün parlamentlərarası platforma kimi rolu qeyd edilib. Qrup müvafiq hesabat məruzəsini və tövsiyə qərarını qəbul edib və TÜRKPA-nın Qazaxıstan Respublikasında keçiriləcək 14-cü plenar iclası çərçivəsində 4-cü iclasının mövzusunu müəyyən edib.