Azərbaycan Xarici İşlər Nazirliyi Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil edib
Tarix
Baxış
3
18 aprel 2025-ci il tarixində Baş katib Mehmet Süreyya Er Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri üçün təşkil olunmuş Xankəndi və Şuşa şəhərlərinə səfərdə iştirak edib.
Səfərdə Azərbaycanda akkreditə olunmuş 33 ölkənin 100-dən çox diplomat və hərbi attaşeləri və 7 beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Səfərin məqsədi xarici diplomatları Xankəndi və Şuşa şəhərlərində aparılan bərpa və yenidənqurma işləri və Qarabağ Universitetində tələbələr üçün yaradılan şəraitlə tanış etməkdən ibarət olub.
Nümayəndə heyəti əvvəlcə Qarabağ Universitetinə yollanıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qarabağ Universitetində çıxış edərək, əsas inkişaf və perspektivləri vurğulayıblar. Cənab Hacıyev iştirakçılara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və Ermənistanın əvvəllər işğal olunmuş ərazilərdə törətdiyi hərbi cinayətlər barədə məlumat verib. O, Azərbaycanın beynəlxalq prinsipləri rəhbər tutaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb. Cənab Yusubov çıxışında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işləri aparılır. Müasir yollar salınır, yaşayış məntəqələri elektrik enerjisi, içməli su və təbii qazla təmin olunur. Xankəndidə və digər qəsəbələrdə sahibkarlar üçün əlverişli mühit yaradılır. Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin fəaliyyətindən, tədris prosesində əldə olunan nailiyyətlərdən, qarşıya qoyulan məqsədlərdən danışıb. Nümayəndə heyəti Qarabağ Universitetinin tədris korpusu, kitabxanası, auditoriyaları, laboratoriyaları, sərgi salonu ilə tanış olub, musiqili tamaşaları izləyib, Xankəndi şəhərində yerləşən Qələbə parkına baş çəkiblər.
Daha sonra nümayəndə heyəti Azərbaycanın tarixi və mədəniyyətinin rəmzi olan Şuşa şəhərinə səfər edib. Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov nümayəndə heyətinə şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə danışıb. O, qeyd edib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb.
Səfər çərçivəsində diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinə Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri barədə məlumat verilib. Daha sonra nümayəndə heyəti bərpa işləri uğurla başa çatdırılan Aşağı Gövhər Ağa məscidində olub. Onlar, həmçinin 2021-ci ildə təməli qoyulan və 10 may 2024-cü il tarixində rəsmi açılışı olan Şuşa şəhərində inşa edilən ilk yaşayış kompleksinə baş çəkiblər. Səfər “İsa bulağı” istirahət kompleksinə ziyarətlə yekunlaşıb.
Baş katib Mehmet Süreyya Eri Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibi vəzifəsini icra edən Aygerim Taalaybekova müşayiət edib.
Xankəndi Qarabağın tərkib hissəsi kimi təkcə Azərbaycan üçün deyil, eləcə də bütün türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edib. Şəhərin Azərbaycanın nəzarətinə qaytarılması tarixi ədalətin bərpasının və türk xalqları arasında birliyin möhkəmləndirilməsinin simvoluna çevrilib. İnfrastrukturun genişmiqyaslı inkişafı və əsas layihələrin həyata keçirilməsi Xankəndini rayonun mühüm mədəniyyət və təhsil mərkəzinə çevirir. Burada türk dəyərləri, dili, tarixi, qarşlıqlı dəstək ruhu vəhdət təşkil edir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026