TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Astanada TÜRKPA-nın 14-cü plenar iclası keçirilib

Astanada TÜRKPA-nın 14-cü plenar iclası keçirilib

Tarix
Baxış
3
12 iyun 2025-ci il tarixində Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin ev sahibliyində TÜRKPA-nın “Türk Əsri: Parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçirilib. Tədbir üzv və müşahidəçi parlamentlərin, eləcə də Özbəkistan Respublikasının Ali Məclisinin nümayəndə heyətlərini, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, İƏT üzv dövlətlərinin Parlament İttifaqı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, MDB Parlamentlərarası Assambleyası, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı, Qırğız-Türk Manas Universiteti və Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti kimi türk əməkdaşlıq təşkilatlarının, müşahidəçi təşkilatların və digər qurumların rəhbər və nümayəndələrini bir araya gətirib. Plenar iclas TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanovun və Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevin səmimi salamlama nitqləri ilə başlayıb. İclasda üzv parlamentlərin sədrləri - Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin Sədri Nurlanbek Turqunbek Uulu, Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş, müşahidəçi qismində Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Sədri Ziya Öztürkler, həmçinin Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nuriddin İsmoilov və digər qonaqlar çıxış ediblər. 14-cü plenar iclasın gündəliyinə daimi komissiyaların hesabat məruzələri və tövsiyə qərarlarının, “TÜRKPA üzv dövlətlərində yaşayış icazələrinin asanlaşdırılması haqqında”, “Müəllim statusu haqqında”, “İqtisadi fəaliyyətdə təmiz enerji haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” model qanunların, TÜRKPA-nın seçki müşahidə missiyalarının yekun hesabatlarının, 2026-cı maliyyə ili üçün büdcənin qəbuluna, eləcə də daimi komissiyaların sədr müavinlərinin, TÜRKPA baş katibinin və baş katibin müavininin seçilməsinə dair məsələlər daxil edilib. Namizədliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən irəli sürülən Ramil Həsən TÜRKPA-nın baş katibi vəzifəsinə, namizədliyi Türkiyə Böyük Millət Məclisi tərəfindən irəli sürülmüş Muhammet Alper Hayali isə Baş katibin müavini vəzifəsinə seçiliblər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Günay Əfəndiyeva TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədr müavini, Qırğız Respublikasının Joqorku Keneşinin deputatı Çolpon Sultanbekova isə TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədr müavini seçiliblər. Assambleya plenar iclasa təqdim edilmiş Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun hesabat məruzələrini və tövsiyə qərarlarını nəzərə alıb. 15-ci plenar iclasın 2026-cı ildə Qırğız Respublikasında keçirilməsi ilə bağlı qərar qəbul edilib. 14-cü plenar iclas Astana Bəyannaməsinin qəbulu ilə yekunlaşıb. 14-cü plenar iclasdan sonra parlament sədrlərinin iştirakı ilə mətbuat üçün brifinq keçirilib.