Astana Beynəlxalq Könüllülər Forumuna evsahibliyi edib
Tarix
Baxış
3
20-21 iyun 2023-cü il tarixlərində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Astanada keçirilən Beynəlxalq Könüllülər Forumunda iştirak etmişdir.
Tədbirə 34 ölkədən iştirakçılar, o cümlədən rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, parlamentarilər, QHT təmsilçiləri qatılmışdır.
Baş katib Mehmet Süreyya Er “Könüllülər hərəkatının regional konsolidasiyası” adlı sessiyada çıxış etmişdir. Baş katib könüllülər hərəkatını müasir sosial reallığın fenomeni kimi qeyd edərək, qlobal tendensiya və çağırışlar fonunda könüllülər hərəkatının inkişaf perspektivlərinin artdığını vurğulamışdır. Bu kontekstdə o, könüllülük fəaliyyətini dövlətlərin inkişafında getdikcə mühüm bir imkan kimi qiymətləndirmişdir. Könüllülük fəaliyyətinin əsrlər boyu xeyirxahlıq, könüllülük və qarşılıqlı yardım ənənələrinə malik türk xalqlarının milli xarakter və mentalitetinə uyğun olduğunu qeyd edən Baş katib türk xalqlarına mənsub dəyərlərin türk dövlətlərində könüllülük fəaliyyətinin gələcək inkişafına təkan verdiyini vurğulamışdır.
Könüllülük fəaliyyətinin müxtəlif sahələrinə həsr olunmuş forum iştirakçıları qlobal ekoloji fəlakətlərin artdığı bir dövrdə ekologiya və heyvanların mühafizəsi sahəsində könüllülərin xüsusi rolunu qeyd etmişdir. Forum iştirakçıları vətəndaşların ekologiya sahəsində könüllü fəaliyyətə cəlb edilməsinə yönəlmiş “Birgemiz: Taza Álem” milli layihəsi barədə məlumatlandırılmışdır.
İyunun 21-də forumun plenar iclası Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin açılış nitqi ilə başlamışdır. Dövlət başçısı çıxışında dövlət-cəmiyyət arasında etibarlı tərəfdaşlığın əhəmiyyətini qeyd etmiş, ölkədə könüllülük və xeyriyyəçilik ənənələrinin gücləndirilməsi istiqamətində bir sıra mühüm addımların atılması təklifini irəli sürmüşdür.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Tacikistan arasında könüllülük sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Forum Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Könüllülər Proqramı arasında tam maliyyələşdirmə proqramının həyata keçirilməsinə dair Sazişin imzalanması mərasimi ilə yekunlaşmışdır.
20 iyun 2023-cü il tarixində Beynəlxalq Könüllülər Forumu çərçivəsində Baş katib Mehmet Süreyya Er Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darxan Kıdırali ilə görüşmüşdür.
Ziyarətə görə təşəkkürünü bildirən nazir Kıdırali nazirliyin fəaliyyəti, həyata keçirilən layihələr, o cümlədən gənclər siyasəti və informasiya texnologiyalarına dair yeni qəbul edilmiş qanunlar barədə Baş katibə məlumat vermişdir. Cənab Kıdırali Beynəlxalq Könüllülər Forumunun müxtəlif ölkələr və regionlardan olan könüllülər arasında təcrübə və bilik mübadiləsi üçün unikal platforma kimi əhəmiyyətini qeyd etmişdir.
Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən Baş katib naziri Assambleyanın cari fəaliyyəti barədə məlumatlandırmışdır.
Tərəflər gələcəkdə əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını ifadə etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026