TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Astana və Almatı şəhərlərində mətbuat konfransları keçirib
108
24 avqust 2026-cı ildə Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentlərinin deputatları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri, TÜRKPA Beynəlxalq Katibliyinin heyəti, Türkiyə parlamentinin əməkdaşları və bir QHT nümayəndəsindən ibarət olan TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Astana və Almatı şəhərlərində mətbuat konfransları keçirib və Qazaxıstan Respublikasında 23 avqust 2026-cı il Qurultaya seçkilərin müşahidəsinin ilkin nəticələrinə dair bəyanatı təqdim edib.
Bəyanatda hüquqi çərçivə, seçkilərin idarə edilməsi, seçici qeydiyyatı, namizədlərin qeydiyyatı, təşviqat və seçki müşahidəsi daxil olmaqla, seçki prosesinin əsas aspektlərinə diqqət yetirilib.
Missiya 23 avqust 2026-cı il parlament seçkilərinin Qazaxıstan Respublikasının yeni Konstitusiyası çərçivəsində keçirilən ilk parlament seçkiləri olduğunu və tamamilə yeni konstitusiya təsisatının formalaşdırılmasını təşkil etdiyini qeyd edib, belə ki, Senat və Məclisdən ibarət olan əvvəlki ikipalatalı parlament onu birpalatalı Qurultay ilə əvəz edən yeni Konstitusiyaya uyğun olaraq 1 iyul 2026-cı il tarixindən fəaliyyətini dayandırıb.
Bəyanatda, digərləri ilə yanaşı, parlament seçkilərində majoritar komponentin çıxarılaraq, proporsional seçki sisteminin tətbiqi, seçki komissiyalarının üzvləri üçün yeni uyğunluq meyarının tətbiqi, təşviqat qaydalarında müəyyən dəyişikliklər və seçki fondu üçün yuxarı həddin artırılmasını əhatə edən seçki qanunvericiliyinə son dəyişikliklər əksini tapıb.
Bəyanata görə, seçkilər ümumən dinc və nizamlı mühitdə keçirilib. Missiya ölkənin yeni Konstitusiyası çərçivəsində keçirilən ilk parlament seçkiləri kimi bu seçkilərin Qazaxıstanın konstitusiya və siyasi inkişafında əhəmiyyətini vurğulayıb.
Missiya seçki prosesinin iştirakçılarına təlimlərin keçirilməsi və proses haqqında ictimai maarifləndirmənin artırılması üzrə fəaliyyətlər daxil olmaqla, seçkilərə hazırlıqlar və seçkilərin idarə edilməsində seçki idarəetmə orqanları tərəfindən göstərilən səyləri təqdir edib. Missiya müşahidə aparılmış seçki məntəqələrində səsvermə prosesinin nizamlı şəkildə keçdiyini qeyd edib. Seçicilər sərbəst və müdaxilə olmadan səs vermək imkanına sahib olublar. Müşahidə aparılmış seçki məntəqələrində səsvermənin gizliliyinə və səsvermə prosedurlarına riayət olunub.
Missiya əlilliyi olan seçicilərin seçki prosesində iştirakının asanlaşdırılması üçün görülən tədbirləri müsbət qiymətləndirib.
Missiya Qazaxıstan Respublikasında 23 avqust 2026-cı il Qurultaya seçkilərin Qazaxıstan Respublikasının milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi nəticəsinə gəlib.
Missiya öz qısamüddətli müşahidəsini Qazaxıstan Respublikasının Astana və Almatı şəhərlərində həyata keçirib. Missiya parlamentin deputatları — cənab Osman Mesten (Türkiyədən, Missiya rəhbəri qismində), xanım Günay Əfəndiyeva, cənab Hikmət Məmmədov (hər ikisi Azərbaycandan), cənab Ulukbek Karıbek Uulu, cənab Azamat İsirailov (hər ikisi Qırğızıstandan), cənab Mahmut Özer, cənab Kadim Durmaz (hər ikisi Türkiyədən), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri xanım Nailə Əsgərova və Sevinc Abdullayeva, TÜRKPA-nın Baş katibinin müavini cənab Muhammet Alper Hayali, TÜRKPA-nın Baş katibinin müavininin vəzifələrini icra edən cənab Bektur Bazakeçov, TÜRKPA-nın komissiya katibləri xanım Aynurə Abutalıbova, cənab Bauırjan Datkayev və cənab Kadir Yaman, TÜRKPA-nın komissiya katibinin vəzifələrini icra edən cənab Mirlan Usenkanov, TÜRKPA Beynəlxalq Katibliyinin hüquq məsələləri üzrə mütəxəssisi cənab Azər Məmmədov, nümayəndə heyəti katibləri, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr və protokol şöbəsinin əməkdaşları cənab Kürşad Melih Sarıarslan və cənab Yunus Emre Ünal və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (QHT) direktoru cənab Fərhad Məmmədovdan ibarət olub.