TÜRKPA Astanada APCEA-nın İşçi iclasında iştirak edib
290
22 avqust 2026-cı il tarixində Baş katibin müavini cənab Muhammet Alper Hayalinin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti 23 avqustda keçiriləcək Qazaxıstan Respublikasının Qurultayına deputat seçkiləri üzrə beynəlxalq seçki müşahidəsi proqramı çərçivəsində Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi Seçki Orqanlarının Məşvərət Platformasının (APCEA) İşçi iclasında iştirak edib.
Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri cənab Nurlan Abdirov iclasın açılış nitqi ilə çıxış edib.
İclasda Türk dövlətlərinin Mərkəzi Seçki Orqanlarının rəhbərləri və nümayəndələri, habelə beynəlxalq təşkilatların təmsilçiləri iştirak edərək məruzələrlə çıxış edib və seçki proseslərinin təşkili və keçirilməsi sahəsində milli təcrübələrini bölüşüb.
İştirakçılar APCEA-nın 2025–2027-ci illər üzrə Fəaliyyət Planını yüksək qiymətləndirib və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin seçki sistemlərinə dair kollektiv monoqrafiyanın hazırlanması məsələsini müzakirə edib.
İşçi iclas çərçivəsində, həmçinin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin seçki sistemləri” adlı toplunun təqdimatı keçirilib və seçki sahəsində "deepfeyk" texnologiyalarının istifadəsi ilə bağlı risklərin qarşısının alınması və azaldılması prinsipləri təsdiq edilib.
Baş katibin müavini cənab Hayalini iclasda Komissiyanın katibləri Aynurə Abutalıbova və Bauırjan Datkayev müşayiət edib.