Həydər Əsədov
Azərbaycan Respublikası Milli Məclisinin deputatıTÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının üzvü
1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
1978–1984-cü illərdə institutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi, 1983–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim olaraq işləyib, 1987-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.1992–1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.
1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib, 1996–2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb, Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib, Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib, 2 may 2024-cü ildə isə yenidən növbəti 5 il müddətinə rektor təyin edilib. O, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. 23 sentyabr 2024-cü ildə 5 il tamam olmadan Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2019-cu ildə isə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.
3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.