Günay Əfəndiyeva
Azərbaycan Respublikası Milli Məclisinin deputatıTÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədr müavini
1991-1997-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb və qırmızı fərqlənmə diplomu ilə təhsilini başa vurub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medal ilə bitirib.
2004 – 2008-ci illərdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda konsul, 2009 – 2015-ci illərdə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birinci katibi vəzifələrində işləyib. 11 sentyabr 2015-ci il tarixində Astanada keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (indiki adı: Türk Dövlətləri Təşkilatı) Dövlət Başçılarının V Zirvə Görüşündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti təyin olunub. Türk Dövlətləri Təşkilatının Astanada keçirilən 10-cu Zirvə Görüşündə Fondun sədrliyinin Qazaxıstan Respublikasına təhvil verilməsi ilə bağlı olaraq, vəzifəsini 3 noyabr 2023-cü il tarixinədək icra edib.
2024-cü ilin sentyabr ayında VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədr müavinidir.
Türk irsi, mədəniyyətlərarası dialoq və mədəni diplomatiya mövzularında yerli və beynəlxalq mətbuatda çoxsaylı məqalə və nəşrlərin müəllifidir.
Ümumtürk mədəni irsinin və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələrə görə “Özbəkistanın Mədəniyyət Elçisi” fəxri adı və medalı (2025), Macarıstan Respublikasının Komandor xaçı (2024), Qırğız Respublikası Prezidentinin Fəxri Diplomu (2023), Qazaxıstan Nazir Törəkulov medalı (2023), TÜRKSOY 30 illik yubiley medalı (2023), Qırğız Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2023), “Manas” medalı (2023), Qırğız Milli Universitetinin fəxri professoru (2022), Çingiz Aytmatov medalı (2021), Abay Kunanbayev medalı (2020), Azərbaycan diplomatik xidmətinin 100 illiyi medalı (2019), İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi (2015), Azərbaycan diplomatik xidmətinin 90 illiyi medalı (2009), UNESCO medalları kimi bir sıra milli və beynəlxalq orden, medal, diplom və sertifikatlara layiq görülüb.
Azərbaycan, türk, rus və ingilis dillərini bilir.