TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media

TÜRKPA Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak edib

Tarix
Şəkil sayı
0

15 aprel 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində İstanbulda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QH PŞ) 5-ci Konfransında iştirak və çıxış edib.

47 parlament nümayəndə heyətinin və beynəlxalq təşkilatların iştirak etdiyi Konfransın açılış mərasimində QH PŞ-nin sədri, Milli Məclisin sədri xanım Sahibə Qafarova çıxış edib. O, nitqində tədbirə İstanbulda ev sahibliyi etdiyinə görə Türkiyə Böyük Millət Məclisinin sədri cənab Numan Kurtulmuşa, həmçinin göstərilən davamlı dəstək və həmrəyliyə görə Parlamentlərarası İttifaqın Prezidenti xanım Tulia Aksona və PAİ-nin Baş katibi cənab Martin Çunqonqa səmimi minnətdarlığını bildirib.

Cənab Numan Kurtulmuş Azərbaycanın 2019-cu ildən 2023-cü ilə qədər Qoşulmama Hərəkatına uğurlu sədrlik etdiyini xüsusi vurğulayıb. O, həmçinin PAİ-nin 152-ci Assambleyası çərçivəsində QH PŞ-nin 5-ci Konfransına ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib. Bundan əlavə, TÜRKPA və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) rollarına toxunaraq, onların qarşılıqlı müşahidəçi statusu çərçivəsində konstruktiv əməkdaşlığını qeyd edib.

Tədbirdə həmçinin PAİ Prezidenti xanım Tulia Akson və PAİ-nin Baş katibi cənab Martin Çunqonq çıxış ediblər.

Xanım Tulia Akson öz nitqində QH PŞ-nin son beş ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, PAİ-nin bu Şəbəkə ilə sıx əməkdaşlığa böyük önəm verdiyini və onun gələcək inkişafını dəstəkləməkdə qətiyyətli olduğunu vurğulayıb.

Bu mövqeni bölüşən cənab Martin Çunqonq, PAİ-nin QH PŞ-nin çoxtərəfli məqsədlərinin irəlilədilməsi üçün güclü platforma təmin etməyə sadiq olduğunu bir daha təsdiqləyib.

Bundan əlavə, Özbəkistan Senatının Sədri xanım Tənzilə Narbayeva Özbəkistanın 2027–2029-cu illər üzrə QH Parlament Şəbəkəsinə gələcək sədrliyi ilə bağlı çıxış edib. O, ölkəsinin bu missiyaya sadiqliyini ifadə edərək, uğurlu və təsirli sədrlik dövrünü təmin etmək üçün bütün zəruri resurs və səyləri səfərbər edəcəyini bildirib.

Cənab Ramil Həsən çıxışında müasir qlobal kataklizmlər və mürəkkəb geosiyasi dəyişikliklər fonunda parlament diplomatiyasının həlledici rolunu qeyd edib. TÜRKPA ilə QH PŞ arasında güclənən əməkdaşlığa diqqət çəkən Baş katib bildirib ki, bu tərəfdaşlıq ortaq dəyərlərin birbaşa təzahürü olmaqla yanaşı, bütün tərəflər üçün faydalıdır. O, Şəbəkənin son illərdə sürətli inkişaf etdiyini və artıq çoxsaylı ölkə parlamentlərinin onun fəaliyyətində aktiv iştirak etdiyini qeyd edib.

Baş katib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin transformasiyaedici liderliyini xüsusi vurğulayaraq, məhz onun rəhbərliyi ilə Qoşulmama Hərəkatının yeni mərhələyə qədəm qoyduğunu, qeyd edib. O, Hərəkatın uğurlu institusionallaşmasını, xüsusilə Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılmasını, eləcə də Qadınlar Platforması ilə bağlı təşəbbüsü yüksək qiymətləndirib. Cənab Həsən bildirib ki, bu təşəbbüslər sülh, təhlükəsizlik və qarşılıqlı etimada əsaslanan beynəlxalq hüquq prinsiplərinin praktik tətbiqidir.

Baş katib həmçinin diplomatik dialoqa verdiyi davamlı töhfələrə görə Milli Məclisə və xanım Sahibə Qafarovaya ehtiramını ifadə edib. O, TÜRKPA-nın Hərəkatın gələcək təşəbbüslərinə dəstəyini bir daha təsdiqləyərək, qarşılıqlı müşahidəçi statusunun çoxtərəfli dialoqun dərinləşdirilməsi üçün əsas mexanizm olaraq qaldığını vurğulayıb.

İclas gündəliyin və bir neçə yekun sənədin rəsmi qəbulu ilə davam edib. Bu sənədlərə İstanbul Bəyannaməsinin layihələri, QH PŞ-nin mənzil-qərargahının yaradılması haqqında qərar və Ərəb Parlamentinə müşahidəçi statusunun verilməsi haqqında qərar daxildir. Bununla da sözügedən təşkilat rəsmən Şəbəkəyə qəbul olunub.

Sessiya zamanı parlament rəhbərləri və beynəlxalq təşkilatların prezidentləri “QH bölgəsində iqlimə davamlı urbanizasiyanın təmin edilməsində parlamentlərin rolu” mövzusunda bəyanatlarla çıxış ediblər.

Konfrans QH PŞ-nin sədri xanım Sahibə Qafarovanın yekun nitqi ilə başa çatıb.

TÜRKPA nümayəndə heyətinə, həmçinin, Baş katibin müavini Muhammet Alper Hayali, Komissiya katibi Aynurə Abutalıbova, Protokol xidmətinin rəhbəri Yadigar Məmmədov, Təşkilati və inzibati məsələlər üzrə katib Ələsgər Ağayev, Hüquq məsələləri üzrə mütəxəssis Azər Məmmədov və Baş katibin köməkçisi Tahmina Bakiyeva daxil olublar.