TÜRKPA müşahidəçiləri Almatı şəhərinin Ərazi Referendum Komissiyasının sədri ilə görüşüb
0
14 mart 2026-cı ildə Qazaxıstanda 15 mart 2026-cı il Konstitusiya referendumunun qısamüddətli müşahidəsini həyata keçirən TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyasının Almatı qrupu Almatı şəhərinin Ərazi Referendum Komissiyasının sədri xanım Aygül Kalıkova ilə görüşüb.
Komissiya sədri Almatı şəhərində referenduma hazırlıqlar haqqında məlumat verib və Missiya üzvlərinin suallarını cavablandırıb.
O, səsvermənin Almatı şəhərində 72-si müvəqqəti əsasda yaradılan 654 səsvermə məntəqəsində keçiriləcəyini qeyd edib. Əlilliyi olan seçicilər üçün zəruri şəraitin təmin edilməsinə toxunan xanım Kalıkova səsvermə günü səsvermə məntəqəsinə gələ bilməyən seçicilər üçün daşınan səsvermə qutularının istifadəsi barədə məlumat verib. O həmçinin daimi qeydiyyatın olduğu yaşayış məntəqəsindən kənarda istənilən səsvermə məntəqəsində səs vermək məqsədilə qeydiyyatdançıxma vəsiqəsi üçün müraciət etmək imkanı haqqında danışıb. Komissiya sədri referendumun müşahidəsi prosesində yerli müşahidəçilərin iştirakına toxunub və Almatı şəhərində referendumu müşahidə etmək üçün 9 ictimai birliyin qeydə alındığını bildirib.
Missiya üzvləri Konstitusiya referendumunun əhəmiyyətini vurğulayaraq, demokratik və şəffaf referendumun keçirilməsində uğurlar arzulayıblar.
TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası öz müşahidəsini Qazaxıstanın Astana, Almatı və Türkistan şəhərlərində həyata keçirir. Missiyanın Almatı qrupu parlamentin deputatları xanım Tamam Cəfərova (Azərbaycan), cənab Mahmut Özer və cənab Cemal Enginyurt (hər ikisi Türkiyədən), TÜRKPA Beynəlxalq Katibliyinin heyəti — Baş katibin müavini cənab Muhammet Alper Hayali, komissiya katibi cənab Bauırjan Datkayev, hüquq məsələləri üzrə mütəxəssis cənab Azər Məmmədov və Türkiyə parlamentinin əməkdaşı, nümayəndə heyəti katibi cənab Abdullah Nuri Ayvazdan ibarətdir.